Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd edilib
06.07.2018 16:31
  • A-
  • A
  • A+

Görkəmli Azərbaycan şairi Mikayıl Müşfiqin 110 illik yubileyi qeyd edilib

İyulun 6-da AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, repressiya qurbanı, nakam şair Mikayıl Müşfiqin 110 illik yubileyinə həsr olunan elmi sessiya keçirilib.

Prezident İlham Əliyevin “Mikayıl Müşfiqin 110 illiyinin qeyd edilməsi haqqında” 2018-ci il 17 may tarixli Sərəncamına əsasən təşkil olunan tədbirdə muzeyin direktoru, akademik Rafael Hüseynov “Əbədi şeirin yaşarı Müşfiq” mövzusunda məruzə ilə çıxış edib.

Alim 1930-cu illərdə xalqın quruculuq əməllərinin ilhamlı tərənnümçüsü olmuş həyatsevər Müşfiqin poeziyasının gözəlliyindən bəhs edib, milli fikir və düşüncənin məhvinə yönəlmiş repressiya illərinin siyasi oyunlarını yada salıb. Qeyd edib ki, vaxtilə haqsız təqiblərə hədəf olmuş Müşfiq şəxsiyyəti və yaradıcılığı bu gün müstəqil Azərbaycan dövlətinin tarixi yaddaşa diqqət və qayğısının nəticəsi olaraq layiqli dəyərini almaqdadır. Mikayıl Müşfiq XX əsrin əvvəllərində milli poeziyamızı yaratmış və inkişaf etdirmiş görkəmli şairlər nəslinə mənsubdur. O, qısa ömür yolunda cəmi on il poetik fəaliyyətlə məşğul olmasına baxmayaraq, ədibin qələminin məhsulu olan lirik şeirlər və poemalar, dünya ədəbiyyatından tərcümələr bədii irsimizdə dərin və silinməz izlər qoyub.

“Mikayıl Müşfiqin adı Azərbaycanın söz, mənəviyyat tarixində əbədi yaşayacaqdır. O, XX əsr Azərbaycan ədəbiyyatının, şeirinin ən parlaq simalarından biridir" - deyə bildirən alim şairin üslubi, dəsti-xətti, yazı tərzinin XXI əsrdə də müasir göründüyünü diqqətə çatdırıb. 

Akademik R.Hüseynov müasirlərinin şairlə bağlı xatirələrindən və onun məşhur “Oxu tar” şeirinin yaranmasından da danışıb. M.Müşfiqin Ənvər Məmmədxanlının ailəsi ilə çox yaxın olduğunu deyən alim görkəmli yazıçının bacısı Həbibə Məmmədxanlının şairlə bağlı xatirələrindən söz açıb.

Muzeyin direktoru Müşfiqin irsinin hər zaman yaşayacağını, xatirəsinin daim məhəbbətlə xatırlanacağını söyləyib. O, şairin ilk kitablarının bu gün də Ədəbiyyat Muzeyinin fondunda qorunub saxlanıldığını diqqətə çatdırıb.

Sonra muzeyin əməkdaşlarının “Qəlblərdə yaşayan sənətkar”, “Müşfiq poeziyasında gənclik eşqi”, “Əbədilik qazanmış Müşfiq obrazı yaddaşlarda və sənətdə” mövzularda məruzələri dinlənilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: