www.science.az
06.07.2018 12:30

Akademik Rasim Əliquliyev: “Elektron Bakı” proqramının işlənilməsi və həyata keçirilməsinin vaxtı çatıb”

İyulun 5-də Azərbaycan Memarlıq və İnşaat Universiteti və AMEA İdarəetmə Sistemləri İnstitutunun birgə təşkilatçılığı ilə “İnşaatda informasiya texnologiyaları və sistemlərinin tətbiqi imkanları və perspektivləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans işə başlayıb.

Tədbirdə AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev informasiya texnologiyalarının inşaatda tətbiqi ilə bağlı çıxış edib. Konfransın əhəmiyyətini önə çəkən alim bu gün müasir inkişaf mərhələsində olan Azərbaycanın tikinti sektorunda böyük nailiyyətlərə imza atdığını, son onilliklər ərzində ölkəmizin bu sahədə dünya memarlıq xəzinəsinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Çağdaş dövrümüzdə Bakı şəhəri və regionların sürətlə inkişaf etdiyini deyən alim, bu inkişafda idarəetmə, bazar iqtisadiyyatı kimi amillərlə yanaşı, informasiya texnologiyaları, kompüter və tətbiqi riyaziyyatın da çox böyük rolu olduğunu vurğulayıb.

Natiq son zamanlar informasiya texnologiyalarının müxtəlif sosial-iqtisadi sferalarda geniş tətbiqi ilə ölkəmizdə informasiya cəmiyyətinin uğurla formalaşdığını, İKT infrastrukturunun genişləndirilməsi və sürətli inkişafı nəticəsində elektron hökumət, elektron elm, elektron təhsil, elektron kənd təsərrüfatı kimi virtual mühitlərin təşəkkül tapdığını deyib. Qeyd edib ki, Azərbaycanda “Elektron Azərbaycan” dövlət proqramının həyata keçirilməsi, İnternet platformasında sensorlar şəbəkəsinin geniş yayılması, kiberfiziki sistemlərin yaradılması ölkəmizin yeni bir mərhələyə qədəm qoymasına zəmin yaratmışdır.

Akademik R.Əliquliyev bu gün dünya ölkələrində informasiya texnologiyalarının inşaat sahəsində geniş tətbiq olunduğunu, beynəlxalq sərgilərdə tikinti materialları, memarlıq və heykəltaraşlıq nümunələrinin üçölçülü çapı, smart-binaların, şəhərlərin kompüter modelləşdirilməsi ilə bağlı məhsulların təqdim olunduğunu bildirib.

AMEA-nın akademik-katibi “Elektron Azərbaycan”ın qarşısında duran məsələlərin, bu istiqamətdə qəbul olunan dövlət proqramlarının uğurla həyata keçirildiyini vurğulayaraq növbəti mərhələdə, IV sənaye inqilabının təsiri ilə kiberfiziki sistemlər əsasında yeni, innovativ infrastruktur layihələrinin icra edilməsinin zəruriliyi haqqında təkliflər irəli sürüb.

“Elektron Bakı” proqramının işlənilməsi və həyata keçirilməsinin vaxtı çatıb”, – deyə bildirən alim, Azərbaycan şəhərlərinin elektron şəhərlərə çevrilməsi, ölkədə binaların vahid şəbəkəyə qoşulması üçün müvafiq sahədə fəaliyyət göstərən alim və mütəxəssisləri birgə fəaliyyət göstərməyə, taleyüklü məsələlərin həllinə diqqət yetirməyə çağırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.