www.science.az
05.07.2018 12:45

Macar alimi AMEA-da “Şişlərin gen terapiyası” mövzusunda məruzə ilə çıxış edib

Macarıstan Milli Sağlamlıq İnstitutunun bölmə rəhbəri, professor Geza Safrani AMEA-nın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda “Şişlərin gen terapiyası” mövzusunda elmi məruzə ilə çıxış edib.

Kataliz və Qeyri-üzvi Kimya,  Biofizika və Radiasiya Problemləri institutlarının birgə təşkilatçılığı ilə keçirilən tədbir Ukrayna Elm Texnologiya Mərkəzinin “Triptofanın bəzi biogen metallarla komplekslərinin sintezi və radioqoruyucu xassələrinin tədqiqi” layihəsi çərçivəsində baş tutub.

Professor məruzəsində qeyd edib ki, siçanlar üzərində aparılan tədqiqatların nəticəsi olaraq şiş xəstəliklərində, xüsusilə də beyin şişlərində gen terapiyası effektli nəticələrə səbəb olur. Bildirib ki, gen terapiyası immun sisteminin şiş əleyhinə olan müqavimətini artırır və kimya terapiya ilə eyni zamanda tətbiq edilərkən daha çox effekt verir.

Alimin apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, fermentlə istiqamətləndirilmiş gen terapiyası xərçəng əleyhinə agent kimi çıxış edir və gen terapiyası yerli şişlərin şüalanması ilə kombinə olunduqda daha effektiv olur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.