www.science.az
03.07.2018 12:04

İtaliya Tədqiqat Şurasının Davamlı Bitki Mühafizə İnstitutu ilə AMEA-nın Botanika İnstitutu arasında əlaqələr genişlənir

Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə və həmin institutun Mikologiya laboratoriyasının müdiri, AMEA-nın professoru Dilzarə Ağayeva İtaliya Milli Tədqiqat Şurasının (İMTŞ) Davamlı Bitki Mühafizə İnstitutunda olublar.

Azərbaycanlı alimlər səfər zamanı İMTŞ-nın Florensiya bölməsinin Davamlı Bitki Mühafizə İnstitutunun direktoru, prof. Cian Paola Akkotto və institutun baş elmi işçisi, Dr. Biancaelena Maserti ilə görüşüblər. Görüşdə elmi müəssisələr arasında əlaqələri genişləndirmək üçün hər iki institutun əsas fəaliyyət sahələri və iş perspektivləri müzakirə olunub, gələcək əməkdaşlığın istiqamətləri müəyyənləşdirilib. Həmçinin iki qurum arasında biomüxtəlifliyin mühafizəsində müasir çağırışlara cavab verən tədqiqatların aparılmasına dair ikitərəfli müqavilə imzalanıb.

Görüşdə AMEA ilə İMTŞ-ın birgə həyata keçirdiyi “Azərbaycanda şabalıd ağaclarının (Castanea sativa Mill.) sağlamlıq statusunun qiymətləndirilməsi: şabalıd xərçəngi və assosiasiyada olan göbələk xəstəlikləri” adlı layihə çərçivəsində görülən işlərin nəticələri və gələcək çap işlərinə dair müzakirələr də aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.