www.science.az
02.07.2018 15:07

Dilçilik İnstitutunun alimləri Ankarada keçirilən simpoziumda iştirak ediblər

Türkiyənin Ankara  şəhərində "Atebetül Hakayik və ilk dövr türk elmi əsərləri" mövzusunda simpozium keçirilib.

Tədbirdə AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, həmin institutun Təhsil şöbəsinin müdiri, dosent Qətibə Quliyeva və “Türkologiya” jurnalının məsul katibi, fil.ü.f.d. Elçin İbrahimov iştirak ediblər.

Simpoziumda akademik M.Nağısoylu “Türkcəni zənginləşdirən XIII-XIV əsrlər farsca-türkcə lüğətlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzəçi bildirib ki, Azərbaycanda milli ədəbi dilin zənginləşməsində orta əsrlərin yadigarları olan farsca-türkcə lüğətlərin  mühüm rolu olub. Orta yüzilliklərdə Yaxın və Orta Şərq ölkələrində, o cümlədən Azərbaycanda lüğətçilik geniş inkişaf edib, bir sıra izahlı və ikidilli lüğətlər tərtib olunub.  Bu dövrün ən məşhur ikidilli lüğətlərindən biri dövrünün görkəmli alimi Fəxrəddin Hinduşah bin Səncər Naxçıvaninin “Sihahül-əcəmiyyə” əsəridir.

Akademik M.Nağısoylu qeyd edib ki, türkcənin dil varlığının zənginliyini özündə ehtiva edən “Sihahül-əcəm” lüğəti XIII əsr Azərbaycan-türk dilində söz yaradıcılığının müxtəlif vasitələrini öyrənmək baxımından da böyük əhəmiyyət daşıyır.

Bölmə iclasları ilə davam edən tədbirdə müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.