Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.07.2018 15:02
  • A-
  • A
  • A+

Lahıcda "Folklor milli kimlik kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilib

Lahıcda "Folklor milli kimlik kontekstində" mövzusunda beynəlxalq konfrans keçirilib

AMEA-nın Folklor İnstitutu, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və İsmayıllı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə "Folklor milli kimlik kontekstində" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

İsmayıllı rayon Lahıc qəsəbəsində baş tutan tədbir Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinə həsr olunub.

Konfransı İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açaraq ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamını xatırladıb. M.Sadıqov daha sonra AXC rəhbərliyinin dövlət quruculuğu prosesində qarşılaşdıqları çətinliklərdən, ölkənin 28 aprel 1920-ci ildə işğalından sonra bir müddət Lahıcda qalmağa məcbur olan M.Ə.Rəsulzadənin qəsəbə sakinləri tərəfindən qorunmasından, habelə Lahıcın tarixindən, özünəməxsus mədəniyyətindən söz açıb.

Tədbirdə AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov "Xalq ədəbiyyatı və milli kimlik məsələləri" mövzusunda məruzə ilə çıxış edib. M.Ə.Rəsulzadənin "Əsrimizin Səyavuşu" əsərinin Lahıcda yazıldığını xatırladan akademik bildirib ki, sözügedən qəsəbə tarixi ənənələrimizi yaşatmaq, həmçinin istiqlal mübarizəmiz baxımından xüsusi əhəmiyyət daşıyır.

Sonra Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov "Azərbaycan folklorunun təbliğində Bilik Fondunun rolu" mövzusunda geniş məruzə ilə çıxış edib, xalq mədəniyyətinin qorunması, inkişaf etdirilməsi istiqamətində hər zaman çalışacaqlarını bildirib.

Konfransda, həmçinin Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin "Folklor və dövlət idarəçiliyi sistemi" mövzusunda məruzəsi dinlənilib.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat katibi Həmid Qaradəniz, Bilik Fondunun aparat rəhbəri, h.ü.e.d. İsaxan Vəliyev, Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin rəhbəri Əhməd Sami Elaydi, Moskva Dövlət Universitetinin professoru İrina Kaçinskaya və digərləri çıxış edərək mövzunun əhəmiyyətindən danışıb.

Daha sonra akademik M.İmanov İsmayıllıda multikulturalizm mövzusunda keçirilən konfrans materiallarının toplandığı "Gücümüz birliyi­mizdədir" adlı kitabı təqdim edib.

Konfrans öz işini dörd bölmə üzrə davam etdirib, məruzələr dinlənilib.

Qonaqlar daha sonra Lahıc qəsəbəsinin tarixi yerləri ilə tanış olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: