www.science.az
02.07.2018 11:40

Azərbaycanda tapılmış neolit dövrü insanlarının skeletlərinin DNT-si araşdırılacaq

Türkiyənin Hacettepe Universitetinin Antropologiya fakültəsinin professoru Yılmaz Selim Erdal AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun dəvəti ilə müəssisənin Elmi Fondunda tədqiqatlara başlayıb.

Tədqiqatlar Türkiyənin Orta Doğu Texnik Universitetinin Bioloji elmlər fakültəsinin əməkdaşı Mehmet Somelin “Neogen: Neolitik Anadolu toplumlarında genetik və mədəni qarşılıqlı təsirin arxeogenomik analizi” layihəsi  çərçivəsində aparılır.

Layihə Avropa Birliyinin "Horizon-2020", Consolidator Grant Avropa Tədqiqatlar Şurası və Türkiyə Elm və Texnoloji Araşdırma Qurumu (TUBİTAK) tərəfindən dəstəklənir.

Araşdırma işində Orta Doğu Texniki Universiteti, Hacettepe Universiteti və İsveç Stokholm Universitetinin laboratoriyaları iştirak edirlər.

Layihə çərçivəsində Azərbaycan ərazisində aşkar edilmiş neolit insanlarının skeletlərindən DNT analizi üçün götürülmüş nümunələr Türkiyənin və İsveçin son texnologiyalarla təchiz olunmuş laboratoriyalarında araşdırılacaq.

Tədqiqatlarda Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Fərhad Quliyevin rəhbəri olduğu arxeoloji ekspedisiya tərəfindən Tovuz rayonu ərazisində tapılan nümunələrdən istifadə ediləcək.

Professor Y.S.Erdalın sözlərinə görə, ilk olaraq Azərbaycandakı həmin abidələrdə aşkar edilmiş insan qalıqlarının DNT analizi əsasında neolit dövrünə aid insanların bir-birilə qohumluq əlaqəsi araşdırılacaq. Bundan sonra Şimali və Cənubi Qafqaz, Anadolu və Avropanın neolit dövrü erkən əkinçi-maldar qədim əhalisi arasında qohumluğun, genetik bağlılığın olması məsələsi tədqiq ediləcək.

Qeyd edək ki, türkiyəli alim artıq Tovuz rayonundakı Göytəpə neolit abidəsi ilə tanış olub, gələcəkdə Azərbaycan ərazisindəki abidələrdə aşkar edilmiş paleoantropoloji materialların DNT və izotop analizinin aparılması üçün daha geniş istiqamətli tədqiqat layihələrinin gerçəkləşdirilməsinin vacibliyini vurğulayıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.