www.science.az
02.07.2018 09:33

AMEA-nın Naxçıvan Bölməsində akademik Cəlal Əliyevin 90 illik yubileyi qeyd olunub

AMEA-nın Naxçıvan Bölməsi və Naxçıvan Dövlət Universitetinin birgə təşkilatçılığı ilə görkəmli alim, Əməkdar elm xadimi, akademik Cəlal Əliyevin 90 illik yubileyinə həsr olunan elmi konfrans keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq C.Əliyevin həyat yolundan və zəngin elmi fəaliyyətindən danışıb. Bildirib ki, görkəmli alim Azərbaycanın elm tarixində ilk dəfə Yer üzərində həyatın əsasını təşkil edən fotosintez prosesinin əsaslı şəkildə öyrənməsinə ciddi maraq göstərib və bu istiqamətdə fundamental tədqiqatlar aparıb.

İ.Hacıyev 500-dən çox elmi məqalənin, 25-dən artıq kitab və monoqrafiyanın müəllifi olan Cəlal Əliyevin ölkəmizin hüdudlarından kənarda da tanındığını söyləyib. Qeyd edib ki, o, müxtəlif illərdə Azərbaycan və Almaniya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun rəhbəri, AMEA və Rusiya Kənd Təsərrüfatı Elmləri Akademiyasının həqiqi üzvü, Ukrayna Aqrar Elmlər Akademiyası və Belarus Kənd Təsərrüfatı Elmləri Akademiyasının xarici üzvü seçilib.

C.Əliyevin perspektivli və istedadlı gəncləri ətrafına toplayaraq böyük elmi məktəb yaratdığını deyən akademik alimin müəllim qayğısı və şəxsi təşəbbüsü ilə 300-ə yaxın gəncin dissertasiya müdafiə etdiyini, 80 fəlsəfə, 11 elmlər doktorunun isə bilavasitə elmi rəhbəri olduğunu diqqətə çatdırıb.

İ.Hacıyev alimin elmi fəaliyyətinin dövlət tərəfindən yüksək qiymətləndirildiyini, onun Azərbaycan Respublikası Prezidentinin “Fəxri diplomu”na layiq görüldüyünü, “Şərəf” və “İstiqlal” ordenləri ilə təltif olunduğunu bildirib.

Konfransda bölmənin Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbov “Akademik Cəlal Əliyev və onun mənalı ömür yolu”, Naxçıvan Dövlət Universitetinin Botanika kafedrasının müdiri, biologiya üzrə elmlər doktoru, dosent Daşqın Qəmbərov “Cəlal Əliyevin biologiya və aqrar elmlərin inkişafında rolu”, Bioresurslar İnstitutunun Dənli, taxıl, paxlalı və texniki bitkilər laboratoriyasının rəhbəri, aqrar elmləri üzrə fəlsəfə doktoru, dosent Pərviz Fətullayev “Dünya şöhrətli seleksiyaçı alim” və Naxçıvan Dövlət Universitetinin dekan müavini, biologiya üzrə fəlsəfə doktoru, dosent Hilal Qasımov “Biologiya elmində Cəlal Əliyev məktəbi” mövzularında məruzə ilə çıxış ediblər. Qeyd olunub ki, yüksək intellektual təfəkkürə malik olan alim elmi fəaliyyəti və zəngin irsi ilə müasir Azərbaycan biologiya elminin inkişafına dəyərli töhfələr verib. Onun elmi fəaliyyəti əsasən, ölkəmizin ərzaq təhlükəsizliyi üçün vacib olan sahələrin tədqiqinə yönəlib, dərin nəzəri bilikləri, ideyaları və gərgin əməyi nəticəsində yeni buğda sortlarının yaranmasına nail olunub.

Sonda akademikə həsr olunan video nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.