www.science.az
01.05.2014 00:00

“Görkəmli dövlət xadimi Heydər Əliyev: müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda tədbir keçirildi

Bu gün AMEA-nın Əsas binasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunmuş “Görkəmli dövlət xadimi Heydər Əliyev: müstəqil dövlətçilik təlimi və müasirlik” mövzusunda tədbir keçirildi.

Öncə AMEA Mərkəzi Elmi Kitabxanası (MEK) tərəfindən təşkil olunan “Heydər Əliyev irsi və onun tədqiqi” adlı sərgi nümayiş olundu. Sərgidə Heydər Əliyev haqqında yazılmış əsərlər, Heydər Əliyev Fondunun nəşrləri, MEK-in yenicə çapdan çıxmış və H.Əliyevin zəngin irsini əks etdirən “Heydər Əliyev. Müstəqilliyimiz əbədidir” külliyyatının 2 cildli elmi-biblioqrafik göstəricisi nümayiş etdirildi.

AMEA prezidenti, akademik Akif Əlizadə müstəqilliyimizi əbədiləşdirən, bütün sahələrə dərindən bələd olan, uzaqgörən siyasi xadim, ümummili lider H.Əliyevin Azərbaycan xalqı qarşısında tarixi xidmətləri, onun siyasi, iqtisadi və mədəni quruculuq sahəsindəki fəaliyyəti haqqında ətraflı məlumat vedi. Dahi şəxsiyyətin Azərbaycan dövlətçilik tarixində müstəsna yeri olduğunu söyləyən AMEA rəhbəri azərbaycançılıq məfkurəsinin parlaq daşıyıcısı kimi Heydər Əliyevin müdrik siyasəti, dönməz əqidəsi və tarixi uzaqgörənliyi sayəsində milli dövlətçilik ideyasının gerçəkləşdirilməsi, müasir Azərbaycan dövlətinin qurulması və xalqımızın müstəqillik arzusuna çatmasına nail olduğunu qeyd etdi.

A.Əlizadə H.Əliyev tərəfindən əsası qoyulan, hazırda isə ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilən məqsədyönlü sosial-iqtisadi siyasətdən və bu siyasət nəticəsində Azərbaycanın qazandığı uğurlardan danışdı.

H.Əliyevin Azərbaycan tarixinin yetişdirdiyi ən nadir simalardan biri, türk dünyasının və ümumən sivil dünyanın qüdrətli şəxsiyyətlərindən biri olduğunu vurğulayan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli tarixə Azərbaycan xalqının ümummilli lideri kimi daxil olmuş bu əvəzolunmaz insanın liderlərə məxsus ən ali keyfiyyətlərindən söz açdı. Qeyd etdi ki, H.Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrdə ölkəmizin bütün bölgələrinin inkişafını təmin etmiş, məqsədyönlü siyasəti və böyük təşkilatçılıq qabiliyyəti sayəsində yüksək sosial-iqtisadi və mədəni göstəricilər əldə edilmişdir.

Akademik İ.Həbibbəyli bildirdi ki, ümummilli liderin milli-mənəvi dəyərlərə qayğısı, milli ruhun dirçəldilməsi sahəsində atdığı addımlar xalqımızda müstəqillik hisslərinin getdikcə artmasına zəmin yaratmışdır. O, təhsil, elm, mədəniyyət və ədəbiyyatın inkişaf dinamikasını təhlil edərək Heydər Əliyevin bütün sahələrdə həyata keçirdiyi çoxşaxəli mütərəqqi dəyişikliklərin ölkəmizdə mədəni həyatın canlanmasına gətirib çıxardığını diqqətə çatdırdı: “Heydər Əliyev respublikamızın yaradıcı insanlarına, tanınmış ədəbiyyat, mədəniyyət və elm xadimlərinə daim diqqət və qayğı ilə yanaşmışdır. Ayrı-ayrı şəxsiyyətlərə abidələrin ucaldılması, yubileylərin yüksək səviyyədə təşkili və bu tədbirlərdə Heydər Əliyev şəxsən iştirakı onun mədəniyyətimizə tükənməz məhəbbət və qayğısının ifadəsi idi”.

Tədbirdə AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun direktoru, fəlsəfə üzrə elmlər doktoru, professor İlham Məmmədzadə, AMEA Tarix İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru Ədalət Qasımov və digərləri çıxış edərək bu gün müstəqillik və tərəqqi yolunda inamla addımlayan, beynəlxalq münasibətlərdə layiqli yer tutan Azərbaycanın təqribən yarıməsrlik inkişaf tarixi və bu dövr ərzində xalqımızın əldə etdiyi nailiyyətlərin dünya şöhrətli siyasi və dövlət xadimi H.Əliyevin fəaliyyəti ilə sıx bağlı olduğunu bildirdilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.