www.science.az
29.06.2018 16:50

AMEA-nın professorlarının Koordinasiya şurası yaradılıb

İyunun 29-da Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin yeni tərkibdə ilk iclası keçirilib. Müzakirəyə çıxarılan məsələlərdən biri AMEA-nın professorlarının Koordinasiya şurasının yaradılması ilə bağlı olub.

“Şuranın yaradılmasında məqsəd AMEA-nın professorları üçün müəyyən edilmiş vəzifələrin icrasını təmin etmək, həmçinin onların akademiyanın elmi və elmi-təşkilati həyatında daha yaxından iştirakına nail olmaqdır” – AMEA prezidenti, akademik Akif Əlizadə bildirib.

Akademik qeyd edib ki, AMEA-nın professorlarının qarşısında bir sıra mühüm vəzifələr müəyyən edilib. Onlar bu vəzifələrin həyata keçirilməsində fəal iştirak etməli, öz fəaliyyətində elmlə təhsilin inteqrasiyasına xüsusi diqqət ayırmalı, kadr hazırlığına və tədris prosesində elmi biliklərin və nailiyyətlərin təbliğinə, habelə innovativ fəaliyyətin inkişaf etdirilməsinə dəstək verməlidirlər.

Rəyasət Heyətinin qərarıyla şura yaradılıb, əsasnaməsinin hazırlanması barədə tapşırıq verilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.