www.science.az
01.05.2014 00:00

“Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabının təqdimat mərasimi keçirildi

Bu gün AMEA İnsan Hüquqları İnstitutunda siyasi elmlər üzrə fəlsəfə doktoru, professor Rövşən Vəlizadənin (Novruzoğlunun) həmmüəllifi olduğu “Şamaxı: 100 il “tam məxfi qrif”i altında” kitabının təqdimat mərasimi keçirildi.

Mərasimdə Milli Məclisin deputatları, aidiyyatı nazirlik və komitələrin nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri, alimlər və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Giriş sözü ilə çıxış edən institutun direktoru, Milli Məclisin deputatı, hüquq üzrə fəlsəfə doktoru Aytən Mustafayeva erməni terrorçularını ifşa edən, ictimai-siyasi və məntiqi baxımdan qiymətli olan bu fəlsəfi əsərin məqsədindən və əhəmiyyətindən danışdı. Bildirdi ki, kitab 1918-ci ildə erməni terrorçularının Şamaxıda törətdikləri cinayətlərin, orada unudulmuş hadisələrin, məxfi sənədlərin, tarixi faktların, faciəvi insan talelərinin, qatı açılmamış həqiqətlərin əsasında tərtib olunub. Alim həmçinin bildirdi ki, kitab müəlliflərin Suriya, İraq, İran, Livan ölkələrindəki ermənilərə məxsus kitabxana, kilsə arxivlərindən, şəxsi qovluqlardan əldə etdiyi fakt və sənədlər əsasında qələmə alınıb.

Qeyd edək ki, Hüseyn Siyami (İran), Məsud Süleyman əl Həmid (İraq), Faiz Fərha Rəşid (Suriya) və Səid Bərridir (Livan) kitabın həmmüəllifləridirlər. Bu kitabın əsas özəlliyi ondan ibarətdir ki, ermənilər tərəfindən qırğınların həyata keçirildiyi bölgələr xəritədə öz əksini tapıb.

Təqdimat mərasimində çıxış edən tədqiqatçı-jurnalist Namiq Axundov, millət vəkili Qənirə Paşayeva, İran, İraq, Suriya səfirliklərinin nümayəndələri və digərləri kitabda tarixə gizli qalmış bir çox məqamların, şamaxılıların soyqırımını bütün detalları ilə müfəssəl şəkildə ortaya çıxaran faktların olmasını təqdirəlayiq hesab etdilər, Azərbaycanın qan yaddaşının yenilənməsində əlverişli bir vasitə olduğunu vurğuladılar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.az saytına istinad zəruridir.