www.science.az
29.06.2018 14:35

Naxçıvan Bölməsinin Rəyasət Heyətinin iclasında bir sıra məsələlər müzakirə olunub

AMEA-nın Naxçıvan Bölməsinin Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri bölmənin sədri, akademik İsmayıl Hacıyev açaraq iyunun 8-də keçirilmiş Azərbaycan Milli Elmlər Akademiyasının illik Ümumi yığıncağında AMEA Rəyasət Heyətinin 2017-ci il üzrə elmi və elmi-təşkilati fəaliyyəti və qarşıda duran vəzifələri haqqında məlumat verib. Qeyd olunub ki, hesabat ilində akademiyanın elmi müəssisələri tərəfindən 1500-ə yaxın tədqiqat işi aparılıb, alınan nəticələr əsasında 8900 məqalə və tezis, 523 kitab və monoqrafiya nəşr olunub. Eyni zamanda 117 qrant layihəsi udulub, 50 patent alınıb.

Akademik cari ildə bölmə əməkdaşlarına elmin inkişafı ilə bağlı qarşıya qoyulan vəzifələrin icrası ilə bağlı tapşırıqlar verib.

AMEA-nın nizamnaməsində bəzi dəyişiklərin edilməsi barədə məlumat verən akademik Naxçıvan Bölməsində nizam-intizamın artırılmasının zəruriliyini vurğulayıb.

İ.Hacıyev, həmçinin 7-8 sentyabr 2018-ci il tarixlərində keçirilməsi nəzərdə tutulan “Naxçıvan: İslam Mədəniyyətinin Paytaxtı” mövzusunda beynəlxalq konfransın hazırlıq işləri ilə bağlı iştirakçılara məlumat verib.

Sonra bölmənin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Dilçilik şöbəsinin müdiri Nuray Əliyevanın “Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti” mövzusunda elmi məruzəsi dinlənilib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti qurulan ilk gündən dövlətçilik tariximizdə bir çox sahədə olduğu kimi dilin inkişafında da müstəsna rol oynayıb və ana dili dövlət dili statusu alıb.

N.Əliyeva qeyd edib ki, dili inkişaf etdirmək üçün təhsil müəssisələrində ana dilinin mükəmməl şəkildə tədrisinin ən vacib şərt olduğunu nəzərə alan hökumət 28 avqust 1918-ci ildə “Birinci və ikinci dərəcə ibtidai məktəblərin, həmçinin orta təhsil müəssisələrinin milliləşdirilməsi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının Qərarı” adlı sənəd imzalayıb: “AXC-nin yürütdüyü dil siyasətinin müstəqil Azərbaycan dövləti tərəfindən davam etdirilməsinin nəticəsidir ki, dilimiz bu gün özünün ən yüksək inkişaf mərhələsinə çatıb”.

Daha sonra bölmənin laboratoriyalarında tətbiqyönumlü tədqiqatların aparılması və yerinə yetirilməsinin vəziyyəti ilə bağlı Bioresurslar İnstitutunun direktoru, akademik Tariyel Talıbovun çıxışı dinlənilib. Akademik son illərdə bu elmi qurumun əldə etdiyi nailiyyətlər barədə məlumat verib.

Akademikin çıxışı dinlənildikdən sonra Rəyasət Heyətində aparılan elmi-tədqiqat işləri müzakirə olunub. Müzakirələrdə qarşıda duran vəzifələr nəzərdən keçirilib, aparılacaq tədqiqatların elmi səmərəliliyini gələcəkdə yüksəltmək, xüsusilə tətbiqyönümlü tədqiqatları gücləndirmək üçün müvafiq tapşırıqlar verilib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.