Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  NƏŞRLƏR

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub
29.06.2018 14:13
  • A-
  • A
  • A+

İnformasiya Texnologiyaları İnstitutunun alimlərinin məqaləsi nüfuzlu jurnalda çap olunub

AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev, şöbə müdiri, texnika üzrə fəlsəfə doktoru, dosent Yadigar İmamverdiyev və böyük elmi işçi, texnika üzrə fəlsəfə doktoru Lyudmila Suxostatın həmmüəllifi olduqları “Cyber-physical systems and their security issues” (DOI: 10.1016/j.compind.2018.04.017) adlı məqalə “Elsevier” nəşriyyatında dərc olunan “Computers in Industry” jurnalında çap olunub.

“Kiber-fiziki sistem” anlayışı 2006-cı ildə meydana çıxsa da, qısa müddətdə bir sıra qabaqcıl ölkələrdə bu istiqamətdə intensiv tədqiqatlar aparılmağa başlanıb. Kiber-fiziki sistemlər sahəsində elmi-tədqiqatların və işləmələrin aktuallığını və perspektivliyini ABŞ və Avropada bu istiqamət üzrə məxsusi yol xəritələrinin işlənməsi də sübut edir.

Kiber-fiziki sistemlərin yaradılması bəşəriyyət qarşısında yeni çağırışlar qoyur. Adətən, belə sistemlərin tətbiq sahələri kritik əhəmiyyətə malik olur, bu səbəbdən onların təhlükəsizliyi və etibarlılığına xüsusi tələblər irəli sürülür. Hazırda kiber-fiziki sistemlərin geniş spektrli kiber-hücumlardan müdafiəsi informasiya təhlükəsizliyinin mürəkkəb problemlərindən biridir.

Məqalədə kiber-fiziki sistemlərin iş prinsipləri təsvir olunur, onların multidissiplinar sosial, fəlsəfi problemləri diqqətə çatdırılır, kiber-fiziki sistemlərin təhlükəsizliyi məsələləri üzrə mövcud tədqiqatların analizi və təsnifatı aparılır. Müəlliflər kiber-fiziki sistemlərə hücümları və təhdidləri sistemli analiz etmək üçün xüsusi hücum ağacı modeli təklif edirlər. Əsas problemlər və tədqiqatçılardan gözlənilən həllər kiber-hücumların nəticələrinin qiymətləndirilməsi, kiber-hücumların modelləşdirilməsi və aşkarlanması, müvafiq kiber-təhlükəsizlik arxitekturalarının işlənməsi ilə bağlıdır. Kiber-fiziki-sosial sistemlərin, SCADA sistemlərin, intellektual (smart) sistemlərin təhlükəsizliyi, kiber-hücumlara qarşı əks-tədbirlər və kommunikasiyaların təhlükəsizliyi üzrə gələcək tədqiqatların əsas istiqamətləri göstərilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: