www.science.az
28.06.2018 17:03

Gəncədə Azərbaycanın dövlətçilik tarixinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans işə başlayıb

İyunun 28-də Gəncə şəhərində “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda üçgünlük beynəlxalq elmi-praktik konfransın açılışı olub.

AMEA A.A.Bakıxanov adına Tarix İnstitutu, Türkiyə Cümhuriyyəti Atatürk Araşdırma Mərkəzi, Türkiyənin Azərbaycandakı səfirliyi və Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunan konfransın iştirakçıları əvvəlcə Heydər Əliyevin adını daşıyan park-kompleksdə ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.

Konfransda Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi - Prezidentin köməkçisi Dilarə Seyidzadə, Milli Məclisin deputatları, respublikamızda fəaliyyət göstərən bir çox elm və təhsil müəssisələrinin rəhbərləri, tanınmış elm xadimləri iştirak edirlər. Həmçinin 20 ölkədən (Rusiya, Pakistan, Hindistan, Gürcüstan, Misir, Özbəkistan, Şimali Kipr, Ukrayna, Belarus, Moldova, Polşa, Albaniya, Qazaxıstan və sair) ümumilikdə 40-a yaxın tarixçi-alim də beynəlxalq konfransda təmsil olunur.

Beynəlxalq tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.

Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev çıxış edərək, belə bir mötəbər tədbirin Gəncədə keçirilməsini əlamətdar hadisə adlandırıb. O, ilk paytaxtı və mübariz qərargahı Gəncə olan Azərbaycan Xalq Cümhuriyyətinin tariximizin ən şanlı və qürurverici səhifələrindən birini təşkil etdiyini deyib, konfransın işinə uğurlar arzulayıb.

Sonra AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin respublikamızda “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi və həmin Sərəncamdan irəli gələrək ölkəmizdə keçirilən çoxsaylı tədbirləri dövlətçilik ənənələrinin bərpasına verilən yüksək qiymət olduğunu deyib. Bildirib ki, konfransda yüksək elmi əhəmiyyətə malik çoxsaylı məruzələr dinləniləcək və indiyədək araşdırılmamış mövzular diqqətə çatdırılacaq.

Daha sonra çıxış edən Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Azərbaycan Xalq Cümhuriyyəti: Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda geniş məruzə ilə çıxış edib. 

Alim müasir Azərbaycan Respublikasının varisi, Şərqin ilk demokratik müsəlman dövləti olan Azərbaycan Xalq Cümhuriyyətinin mürəkkəb bir dövrdə qurulduğunu və çox çətin şəraitdə fəaliyyət göstərdiyini bildirib. AXC-nin milli tariximizin parlaq səhifəsi olduğunu deyən alim qeyd edib ki, Azərbaycan xalqının və milli dövlətçiliyinin tarixində özünəməxsus yer tutan Cümhuriyyət öz üzərinə götürdüyü çətin vəzifəni yerinə yetirərək milli tələblərə və demokratik prinsiplərə uyğun dövlət orqanları formalaşdırıb, ölkənin ərazi bütövlüyünün və milli təhlükəsizliyinin təmin edilməsinə, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaranmasına nail olub.

Tarix İnstitutunun direktoru Cümhuriyyət liderlərinin Tiflis, Gəncə və Bakıdakı fəaliyyətini ayrı-ayrılıqda şərh edib, onların hər birinin xatirəsinin xalqımız tərəfindən böyük hörmət və ehtiramla anıldığını vurğulayıb. Məlumat verib ki, hazırda institutda Azərbaycan Xalq Cümhuriyyəti dövrünün tarixinin araşdırılması, eləcə də yazılmış elmi əsərlərin bir sıra xarici dillərə tərcümə edilərək dünya ictimaiyyətinə çatdırılması istiqamətində böyük işlər görülür. 

Tədbirdə digər çıxış edənlər diqqətə çatdırıblar ki, gərgin diplomatik mübarizə şəraitində yaranmış Azərbaycan Xalq Cümhuriyyəti milli dövlətçilik tariximizdə silinməz izlər qoyub, xalqın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə ölkəmizin gələcək müstəqilliyi üçün etibarlı zəmin yaradıb.

Qeyd edək ki, üç gün davam edəcək konfransın bölmə iclasları Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin fəaliyyət göstərdiyi tarixi binada, yəni Azərbaycan Dövlət Aqrar Universitetinin əsas binasında və AMEA-nın Gəncə Bölməsində keçiriləcək.

Tədbir çərçivəsində Gəncənin tarixi və mədəniyyət mərkəzləri ilə tanışlıq, Göygöl Milli Parkına səyahət və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında geniş konsert proqramının təşkili də nəzərdə tutulur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.