www.science.az
29.04.2014 00:00

Azərbaycan alimi Qafqazın arxeologiyasına həsr olunmuş “XXVIII Krupnov qiraətləri” beynəlxalq konfransında iştirak edib

21-25 aprel 2014-cü il tarixlərdə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Nəcəf Müseyibli Moskva şəhərində keçirilən Qafqazın arxeologiyasına həsr olunmuş XXVIII Krupnov qiraətləri («XXVIII Крупновские чтения») beynəlxalq konfransında iştirak edib.

Hər 2 ildən bir keçirilən konfrans bu il görkəmli qafqazşünas alim, arxeoloq Y.İ.Krupnovun 110 illiyinə həsr olunub.

Qeyd edək ki, Y.İ.Krupnov Sovet hakimiyyəti illərində Qafqaz, o cümlədən Azərbaycan arxeologiyasının tədqiqatları üçün yerli kadrların hazırlanmasında misilsiz xidmətlər göstərib.

Konfransda N.Müseyibli “Azərbaycanda Leylatəpə mədəniyyətinə aid Qalayeri yaşayış məskəni” mövzusunda elmi məruzə ilə çıxış edib. Alim Qəbələ rayonu ərazisində tədqiq etdiyi e.ə. IV minilliyin birinci yarısına aid Qalayeri abidəsi barədə geniş məlumat verib, bu abidənin, o cümlədən Azərbaycandakı Leylatəpə mədəniyyətinə aid digər abidələrin son xalkolit dövründə Ön Asiya – Qafqaz mədəni-iqtisadi əlaqələrinin və miqrasiyaların tarixinin öyrənilməsində mühüm əhəmiyyətini qeyd edib. Məruzə son arxeoloji qazıntılardan əldə edilmiş materiallara əsaslandığından konfrans iştirakçıları tərəfindən maraqla qarşılanıb və çıxış ətrafında geniş müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.