www.science.az
28.06.2018 15:02

“Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb

İyunun 28-də AMEA Mərkəzi Elmi Kitabxanasında “Türk dünyasında müstəqil dövlətçilik ənənəsi və inkişafın müasir problemləri” mövzusunda beynəlxalq konfrans işə başlayıb.

Türkiyə, Qazaxıstan, Tatarıstan, Başqırdıstan və digər ölkələrdən olan alimlərin iştirak etdiyi tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti, akademik Akif Əlizadə açıb. O, beynəlxalq konfransın türk xalqlarının çoxəsrlik elmi-mədəni əlaqələrinin tarixinə nəzər salmaq baxımından önəmini vurğulayıb. Bildirib ki, tədbirdə türkdilli ölkələrin sivilizasiyası, elm, təhsil və mədəniyyət sahəsində qarşılıqlı əlaqələri, regionda baş verən ictimai-siyasi proseslər və digər mövzulara dair müzakirələr aparılacaq.

Türkdilli ölkələr arasında elm və təhsil sahəsindəki əlaqələrdən bəhs edən AMEA rəhbəri əməkdaşlığın bu istiqamətdə daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Daha sonra akademik A.Əlizadə AMEA-nın yaranma tarixi və keçdiyi inkişaf yolundan danışıb. O, rəhbərlik etdiyi elm ocağında ilk dəfə olaraq 2015-ci ildən etibarən təşkil olunan magistratura pilləsi barədə məlumat verib. Prezident İlham Əliyevin dəstəyi ilə yaradılan AMEA Yüksək Texnologiyalar Parkının fəaliyyətindən də bəhs edən alim son illər Akademiyada elmin kommersiyalaşdırılması məqsədilə müxtəlif innovasiya yönümlü layihələrin həyata keçirildiyini deyib. Bildirib ki, AMEA dünyanın nüfuzlu elmi mərkəzləri, o cümlədən türkdilli dövlətlərin elmlər akademiyaları ilə sıx əməkdaşlıq edir.

Sonra çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Türk Dünyası Elmlər Akademiyaları Birliyi barədə məlumat verib. O, bu qurumun 2015-ci ildə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin elmlər akademiyalarının fəaliyyətlərini əlaqələndirmək, birgə elmi layihələr həyata keçirmək, çoxcildlik nəşrlər hazırlamaq, ortaq elmi mövqedən çıxış etmək məqsədilə yaradıldığını diqqətə çatdırıb. Qeyd edib ki, Türk Dünyası Elmlər Akademiyaları Birliyinə 2016-cı ildə Qazaxıstanın, 2017-ci ildə isə Türkiyənin elmlər akademiyaları sədrlik edib. Birliyin qərarı ilə bu quruma 2018-ci ildə rəhbərlik AMEA-ya həvalə olunub.

Müstəqillik illərində türkdilli ölkələr arasında elmi əlaqlərin daha da dərinləşdiyini deyən İ.Həbibbəyli türk dünyasından olan ölkələrin elmi mərkəzləri ilə birgə əməkdaşlığın həmin dövlətlərin alimlərinin beynəlxalq arenada tanınması baxımından əhəmiyyətli olduğunu bildirib.

Akademik İ.Həbibbəyli son 5 ildə AMEA-da 30-dan çox ölkənin elmi qurumları ilə əməkdaşlıq müqaviləsinin imzalandığını, bundan başqa tədqiqatların müasir üsul və texnologiyalarla aparılması məqsədilə 10-dan artıq beynəlxalq laboratoriyanın yaradıldığını da diqqətə çatdırıb.

Türk Dünyası Elmlər Akademiyası Birliyi tərəfindən ortaq jurnalın təsis edilməsi təklifini irəli sürən AMEA-nın vitse-prezidenti bu nəşrin birliyə üzv ölkələrdə inteqrasiya prosesinə müsbət təsir edəcəyini bildirib. O, həmçinin türk dünyası alimlərinin adlarını daşıyan adlı mükafatların təsis edilməsinin önəmini vurğulayıb. 

İ.Həbibbəyli bildirib ki, Qərb dünyası ilə müqayisədə türk dünyasının elmi qurumları ilə əməkdaşlıq üçün daha çox iş görülməli, ortaq layihələr hazılanmalıdır.

Tədbirdə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva rəhbərlik etdiyi qurum barədə söz açaraq,  təşkilatın əsas məqsədinin türkdilli xalqlar arasında əlaqələri möhkəmləndirmək, türk dünyasının sahib olduğu mədəni irsi araşdırmaq, dünyada tanıtmaq və gələcək nəsillərə ötürmək olduğunu deyib. Bildirib ki, fondun fəaliyyət istiqamətlərindən biri də məhv edilmiş və mənimsənilmiş mədəni irsin mühafizəsi ilə əlaqədardır. Həmçinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən dağıdılmış və məhv edilmiş abidələrin tədqiqi və həqiqətlərin dünyaya çatdırılması məqsədilə fondun dəstəyi ilə “Azərbaycanın işğal olunmuş ərazilərindəki tarix və mədəniyyət abidələrinə vurulan zərər” adlı kitab nəşr olunub.

Türkdilli xalqların dünya tarixində və mədəniyyətində əhəmiyyətli rol oynadığını deyən G.Əfəndiyeva türkdilli dövlətlərin və xalqların ümumi tarixi köklərə, ortaq zəngin irsə, dilə, incəsənətə, ədəbiyyata, adət-ənənələrə, milli mənəvi dəyərlərə malik olduğunu qeyd edib. O, türkdilli ölkələrin elmlər akademiyalarını rəhbərlik etdiyi fondla əməkdaşlıq etməyə səsləyib.

Sonra çıxış edən Beynəlxalq Türk Akademiyasının daimi katibi Asxat Kesikbayev təmsil etdiyi təşkilatın fəaliyyət istiqamətləri barədə məlumat verib. Bildirib ki, 2009-cu il oktyabr ayının 3-də Azərbaycanda keçirilən Türkdilli Dövlət Başçılarının IV Sammitində Qazaxıstan prezidenti Nursultan Nazarbayev tərəfindən türk dünyası ilə bağlı araşdırmalar aparmaq üçün beynəlxalq elmi mərkəzin yaradılması təklif edilib. 23 avqust 2012-ci ildə Bişkekdə təşkil edilən Sammitdə isə Azərbaycan, Qırğızıstan, Qazaxıstan və Türkiyə dövlətlərinin təşəbbüsü ilə Türk Akademiyası yaradılıb. Akademiya 27 avqust 2014-cü il tarixində beynəlxalq təşkilat statusu alıb.

Tədbirdə Türkiyə Elmlər Akademiyasının (TÜBA) prezidenti, professor Ahmet Cevat Acar “Elmi əməkdaşlığın əhəmiyyəti və TÜBA-nın Türk dünyasında rolu”, Tatarıstan Respublikası Elmlər Akademiyasının prezidenti, akademik Myakzyum Salahov “Tatarıstan və Azərbaycan arasında mədəni və ictimai-siyasi əlaqələr: ənənələr və müasirlik”, Başqırdıstan Respublikası Elmlər Akadmemiyasının prezidenti, akademik Alfis Qayazov ““Pax Turan” məkanında Başqırdıstan və Azərbaycan: əməkdaşlıq və inkişaf perspektivləri” və TÜBA-nın vitse-prezidenti, professor Ahmet Nuri Yurdusev “Millətlərarası elmi təşkilatlar və Türk dünyasının elmi müəssisələri” mövzularında çıxış ediblər.

Konfrans iyulun 29-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.