www.science.az
25.06.2018 09:48

Coğrafiya İnstitutunda Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi qeyd olunub

AMEA-nın akad. H.Əliyev adına Coğrafiya İnstitutunda (Cİ) Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibətilə tədbir keçirilib.

İnstitutun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru, dosent Məhərrəm Həsənov tədbiri açaraq bu il ölkəmizdə Cənubi Qafqazın ən güclü ordusu Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 100 illiyinin qeyd olunduğunu deyib. Bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Nazirlər Şurasının 26 iyun 1918-ci il tarixli qərarı ilə general Əliağa Şıxlinskinin rəhbərlik etdiyi Müsəlman korpusunun əsasında ilk nizami ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılıb.

O, AXC-nin 1920-ci ildə süqutundan sonra Azərbaycanın Hərbi nazirliyinin ləğv edildiyini, bütün funksiyalarının Xalq Hərbi Komissarlığına verildiyini söyləyib.

Alim 22 may 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən 26 iyunun Silahlı Qüvvələr Günü elan edildiyini diqqətə çatdırıb.

M.Həsənov bu gün ordumuzun sürətlə inkişaf etdiyini, Azərbaycanın hərbi sənaye komplekslərində minə yaxın silah-sursatın istehsal edildiyini və dünyanın aparıcı beynəlxalq sərgilərində nümayiş olunduğunu vurğulayıb.

Tədbirdə, həmçinin Cİ-nin Həmkarlar İttifaqı Komitəsinin sədri, coğrafiya üzrə fəlsəfə doktoru Habil Haqverdiyev, müəssisənin şöbə müdiri, aqrar elmlər üzrə fəlsəfə doktoru Ənvər Əliyev, “Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri” İctimai Birliyinin Yasamal rayon təşkilatının sədri Bəhram Şeydayev, Azərbaycan Texniki Universitetinin Tarix kafedrasının müdiri, tarix elmləri doktoru, professor Şikar Qasımov və digərləri çıxış edərək Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin regionun ən qüdrətli ordusuna çevrildiyini, xalqımızın güvən yeri və qürur mənbəyi olduğunu bildiriblər.

Sonra Qarabağ müharibəsində şəhid olmuş Elxan Məmmədova ünvanlanmış “Vətən naminə” medalı şəhidin anası, Coğrafiya İnstitutunun əməkdaşı Gülşən Məmmədovaya təqdim edilib.

Sonda şəhidin anası G.Məmmədova oğlunun xatirəsinə göstərilən diqqət və qayğıya görə institutun rəhbərliyinə təşəkkürünü bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.