www.science.az
25.06.2018 09:41

“Şuşanın sədaları” dinlənilib

Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan Milli Ordusunun yaranmasının 100 illiyinə həsr olunan “Şuşanın sədaları” mövzusunda tədbir keçirilib.

Tədbirdə ittifaqın sədri, Xalq artisti, AMEA-nın müxbir üzvü Firəngiz Əlizadə əsrarəngiz Qarabağ torpağının dilbər guşəsi Şuşanın Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olduğunu söyləyib. O, Şuşada doğulub boya-başa çatan istedadlı insanların mədəniyyətimizə böyük töhfələr verdiyini bildirib.

Daha sonra Şuşa Şəhər İcra Hakimiyyəti başçısının müavini Vüsalə Fətullayeva çıxış edərək Azərbaycanın mədəniyyət paytaxtlarından olan Şuşa şəhərinin işğalından və bədnam ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi faciələrdən danışıb. Bildirilib ki, dinc əhaliyə qarşı amansız vəhşiliklər törədən erməni təcavüzkarları şəhəri yerlə-yeksan edib, tarixi və mədəni abidələrini dağıdıb vandalizm aktı həyata keçirsələr də Şuşa sakinləri yenə bu qədim mədəniyyət mərkəzini bərpa edib oraya dönəcəklər.

V.Fətullayeva üç dildə nəşr olunan “Qarabağ” kitabını F.Əlizadəyə təqdim edib.

Sonda Şuşa şəhər musiqi məktəblərinin şagirdlərinin ifasında Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyli, Səid Rüstəmov, Zakir Bağırov, Süleyman Ələsgərov, Azər Rzayev, Adil Bəbirov ilə yanaşı, Qərb bəstəkarlarının əsərləri səsləndirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.