www.science.az
20.06.2018 10:00

Filologiya problemləri üzrə Elmi Şuranın iclasında dissertasiya mövzularının geniş müzakirəsi aparılıb

AMEA Milli Azərbaycan Ədəbiyyatı Muzeyində bu müəssisənin direktoru, akademik Rafael Hüseynovun sədrliyi ilə Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının Filologiya problemləri üzrə Elmi Şurasının 6-cı iclası keçirilib.

İclasda 10-u elmlər doktorluğu, 31-i isə fəlsəfə doktorluğu hazırlığı proqramı üzrə təqdim olunmuş 41 dissertasiya mövzusu müzakirə olunub. Bunlardan 17-si müəyyən səbəblərdən təsdiq edilməyib və müraciət edənlərə müvafiq tövsiyələr verilib. 

Elmlər doktoru hazırlığı proqramı üzrə müraciət etmiş şəxslərdən AMEA Folklor İnstitutunun doktorantı Sönməz Abbaslının “Qarabağ folklor mühitinin tipologiyası”, Azərbaycan Dillər Universitetinin dissertantı Vüsalə Ağabəylinin “Bədii mətndə gender konseptinin linqvistik reprezentasiyası (İngilis və Azərbaycan dillərinin materialları əsasında)”, Bakı Slavyan Universitetinin doktorantı Gülbəniz İsmayılzadənin “Oğuz qrupu türk dillərində sintaktik sinonimlik”, Azərbaycan Dillər Universitetinin dissertantı Gülmar İsrafilovanın “Sabit söz komplekslərinin koqnitiv təhlili”, AMEA Nəsimi adına Dilçilik İnstitutunun dissertantı Gülbəniz Məmmədovanın “Fransız dilində invektiv leksikanın semantik sahə strukturu” mövzuları adlarında heç bir dəyişiklik edilmədən təsdiq edilib.

Tədbirdə “Azərbaycan ədəbiyyatında bədii-sənədli nəsr: ideya-məzmun axtarışları və inkişaf mərhələləri (1980-2000-ci illər)”, “Çağdaş Azərbaycan romanında transformasiya”, “Oğuz qrupu türk dillərində söz köklərinin leksik-semantik diferensiallaşması”, “Azərbaycan dilçiliyinin tarixi (mətn dilçiliyi)”, “Müxtəlifsistemli dillərdə durğu işarələri sistemi” kimi dissertasiya mövzuları ətrafında müzakirələr geniş elmi diskussiyaya çevrilib. 

Ümumiyyətlə, iclasda 9-unun adında dəyişiklik edilməklə 24 mövzu təsdiq edilib. Müzakirələrdə akademik Rafael Hüseynovla yanaşı, filologiya üzrə elmlər doktorları, professorlar Aida Qasımova, Atamoğlan Həsənov, Bədirxan Əhmədov, Cəlil Nağıyev, Fəxrəddin Veysəlli, Qəzənfər Kazımov, Qorxmaz Quliyev, Rəhilə Quliyeva, Mehdi Kazımov, Nadir Məmmədli, Şəfəq Əlibəyli, Paşa Kərimov çıxış edərək fikir və təkliflərini bildiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.