www.science.az
20.06.2018 09:39

“Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” adlı tədbir keçirilib

AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində “Milli qurtuluşumuzda Heydər Əliyev və ordu amili” adlı tədbir keçirilib.

Tədbir 15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyinə həsr olunub.

Dövlət Himninin səsləndirilməsilə başlayan tədbiri muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq ulu öndər Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin quruculuğundakı fəaliyyətindən, ordumuzun ölkəmizin ərazi bütövlüyü uğrunda apardığı qəhrəmanlıq mübarizəsindən danışıb.

O, gəncləri bu istiqamətdə maariflənməyə, Heydər Əliyev irsini öyrənməyə və gələcək nəsillərə çatdırmağa dəvət edib.

Sonra YAP Səbail Rayon Təşkilatının sədr müavini Muxtar Nağıyev təmsil etdiyi partiyanın ölkənin ictimai-siyasi həyatındakı rolundan və ordu quruculuğundan söhbət açıb.

Daha sonra muzeyin Arxeologiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nasir Quluzadə, Gənc Vətənpərvərlər Birliyinin sədri Muğan Əliyev, sədr müavini, Qarabağ qazisi İslam Əzimov və digərləri çıxış edərək ulu öndərin xarici siyasətindən, milli ordunun yaranması tarixindən və müstəqillik dövründəki inkişafından danışıblar.

Tədbir musiqi və milli rəqslərdən ibarət bədii hissə ilə davam edib.

Sonda muzeyin fəaliyyətində aktiv iştirak edən şəxslər “Təşəkkürnamə” ilə təltif olunublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.