www.science.az
30.04.2014 00:00

Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirildi

30 aprel 2014-cü il tarixdə AMEA Geologiya İnstitutunda Yer elmləri sahəsi üzrə ümumrespublika elmi seminarı keçirildi. Tədbiri giriş sözü ilə institutun direktor müavini, geologiya-mineralogiya üzrə elmlər doktoru Dadaş Hüseynov açaraq gündəlikdə duran məsələ haqqında məlumat verdi.

Sonra texnika üzrə elmlər doktoru, professor Mirəli Alosmanov “Faydalı qazıntı yataqları (neft və qeyri-filiz) tullantılarının istifadəsi və ətraf mühitə təsirinin azaldılmasının yeni texnologiyası” mövzusunda məruzə ilə çıxış etdi.

Dünyada və o cümlədən respublikada faydalı qazıntı yataqlarının istismarı, emal prosesi, sənaye və ümumən urbanizasiyanın inkişafının litosferin üst hissəsində geoekoloji problemlər yaratdığını bildirən alim ətraf mühitdə ekoloji gərginlik yaradan neft, təbii-mineral birləşmələr və kimya sənayesi tullantılarının zərərsizləşdirilməsi və onlardan səmərəli istifadənin elmi əsaslarının hazırlanmasının əsas məqsəd olduğunu diqqətə çatdırdı.

Azərbaycanda 3800-ə yaxın neft quyusunun mövcud olduğunu bildirən M.Alosmanov qeyd etdi ki, bunların 2300-dən çoxu fəaliyyətdədir. Alimin sözlərinə görə, neft quyusunun qazılması zamanı təxminən 100 tona yaxın şlam və ildə ümumən 100 min tona yaxın lay suyu yerin təkindən çıxarılaraq yer səthində paylanır. Bildirdi ki, şlam və lay suları litosferin üst hissəsində landşaftı dəyişməklə yanaşı, aerasiya zonasındakı yeraltı suların çirklənərək rejimlərinin dəyişməsinə də səbəb olur.

Kimya sənayesinin bəzi tullantılarının Sumqayıt şəhərində mühiti çirkləndirən amillərdən olduğunu bildirən M.Alosmanov maye, qaz toz və bərk halda ola bilən bu çirkləndiricilərin həm də insan sağlamlığı üçün təhlükəli olduğunu vurğuladı. M.Alosmanov tərkibində torpaq və bitki üçün qidaverici element və birləşmələr (fosfor, azot, kalium) olan bu tullantıların müəyyən texnologiya ilə emalından gübrə hazırlanması üçün xammal alınmasının mümkünlüyünü ifadə etdi: “Bunun nəticəsində neft quyularından çıxarılan şlam, ammonium sulfat tullantıları və gildən texnoloji prosesdə istifadə olunmaqla gübrə hazırlanması üçün yeni xammal əldə olunur, tullantılarla çirklənmiş ərazilər təmizlənərək mühitə yönələn antropogen yüklənmə azaldılır”.

Sonda məruzə ətrafında geniş fikir mübadiləsi aparıldı, suallar cavablandırıldı.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.