Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

Şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi ilə AMEA səmərəli əməkdaşlıq edir
08.06.2018 13:55
  • A-
  • A
  • A+

Şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi ilə AMEA səmərəli əməkdaşlıq edir

Ümumtəhsil məktəblərində “Kiçik akademiya”ların fəaliyyəti, şagirdlərin olimpiadalara hazırlığı sahəsində Təhsil Nazirliyi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə səmərəli əməkdaşlıq edir. Həyata keçirilən uğurlu tədbirlərin nəticəsidir ki, son 5 ildə Azərbaycan məktəbliləri beynəlxalq olimpiadalarda 3 qızıl, 21 gümüş və 85 bürünc medal olmaqla ümumilikdə 109 medal qazanıblar. Bu tədbirlər şagirdlərdə tədqiqatçılıq bacarıqlarının formalaşmasına zəmin yaradır.

Bunu AMEA-nın illik ümumi yığıncağında təhsil naziri Ceyhun Bayramov deyib.

C.Bayramov bildirib ki, hər il ali təhsil müəssisələrində aparılan fundamental və tətbiqi elmi-tədqiqat işlərinin nəticələri Təhsil Nazirliyi tərəfindən təhlil edilir, mühüm elmi nəticələr ölkə üzrə hazırlanan ümumi hesabata daxil edilmək məqsədilə AMEA-ya təqdim olunur. 2017-ci ildə 152 mühüm elmi nəticə seçilərək AMEA-ya təqdim edilib.

Nazir diqqətə çatdırıb ki, elmi fəaliyyətin stimullaşdırılması ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda, dünyanın tanınmış elmi-analitik informasiya təminatçısı olan Clarivate Analytics ("Thomson Reuters") şirkəti ilə 2015-ci ildən başlanan uğurlu əməkdaşlıq öz müsbət nəticələrini verməkdədir. Belə ki, qlobal elmi bazadan istifadə aktivliyinin dinamikasında 2017-ci ildə, əvvəlki illə müqayisədə, 75 faiz artım müşahidə olunub, impakt faktorlu jurnallarda çap olunmuş məqalələrin sayında son 4 ildə 68 faiz artım qeydə alınıb. Nəşr aktivliyinin son 3 ildə artım dinamikasına görə Azərbaycan regionda birinci yerə çıxıb. 2017-ci ildə nəşrlərin sayı üzrə ən yüksək göstərici qeydə alınıb. İlkin təhlillərə əsasən, 1118 elmi tədqiqat işinin təxminən 43 faizi ali təhsil müəssisələrinin payına düşüb. Onu da diqqətə çatdırım ki, yalnız Təhsil Nazirliyinə tabe olan ali təhsil müəssisələrində çalışan alimlər tərəfindən hər il 200-dən çox monoqrafiya, 800-dən artıq dərslik və dərs vəsaiti, 10 mindən çox elmi məqalə və məruzə nəşr olunur.

Nazir, həmçinin ötən il ali məktəblər tərəfindən AMEA-ya fundamental elmi tədqiqatlarla bağlı 152 mühüm nəticənin təqdim olunduğunu bildirib.

O, magistratura səviyyəsində təhsil alan oğlanlara həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi və tələbə təqaüdlərinin məbləğinin artırılması nəticəsində ali məktəblərin magistraturasına qəbul olanların sayının əvvəlki illə müqayisədə 36 faiz, qəbul olan oğlanların sayının isə 74 faiz artdığını söyləyib.

AMEA ilə birlikdə tədqiqat universitetinin yaradılması üçün işlərə başlanıldığını bildirən nazir deyib: “Son dörd ildə Təhsil Nazirliyi sisteminə daxil olan ali məktəblərin alimlərinin impakt faktorlu jurnallarda çap olunan məqalələrin sayı 68 faiz artıb”.

C.Bayramov diqqətə çatdırıb ki, hazırda ölkə üzrə doktorantura pilləsində təhsil alan 3307 nəfərdən fəlsəfə doktoru üzrə təhsil alanların 65 faizi, elmlər doktoru üzrə təhsil alanların 50 faizi ali təhsil müəssisələrinin payına düşür.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: