www.science.az
04.06.2018 11:06

Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti Ədəbiyyat İnstitutunda olub

Çin Sosial Elmlər Akademiyasının nümayəndə heyəti AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda olub. Məqsəd Azərbaycan-Çin elmi əlaqələrin möhkəmləndirilməsi, ardıcıl birgə fəaliyyətin təşkili və müştərək layihələrin müzakirəsi idi.

Görüşdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli son zamanlar iki ölkənin ədəbi-elmi əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulayıb. Alim Ədəbiyyat İnstitutunda Çin mərkəzinin fəaliyyət göstərdiyini, Çin dilinin tədris oluduğunu və qarşılıqlı ədəbi əlaqələr istiqamətində elmi tədqiqatların aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu əlaqələrin miqyası daha böyük layihələrin həyata keçrilməsinə zəmin yaradır.

Daha sonra Çin Sosial Elmlər Akademiyasının Dünya Dinləri İnstitutunun əməkdaşı Vey Daouri, Fəlsəfə İnstitutunun direktor müavini Cui Veyhan, Çin Sərhəd Tədqiqatları bölməsinin rəhbəri Van İkan, Çin Milli Mədəniyyəti Araşdırmaları mərkəzinin rəhbəri Li Xı, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Çin-Azərbaycan əlaqələri üzrə kordinatoru Aqşin Əliyev və başqaları çıxış ediblər. Qeyd olunub ki, hər iki ölkə alimləri humanitar elmlər sahəsində bilik və təcrübə mübadiləsinin aparılmasında fəal iştirak etməlidirlər.

Görüşdə, həmçinin Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun nəzdində Çin Tədqiqatları Mərkəzinin yaradılması qərara alınıb.

Sonda qonaqlar institutun Çin mərkəzinə baxış keçiriblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.