Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

01.06.2018 15:48
  • A-
  • A
  • A+

Monqolustan Elmlər Akademiyasının prezidenti Ədəbiyyat İnstitutunun qonağı olub

Monqolustan Elmlər Akademiyasının prezidenti Ədəbiyyat İnstitutunun qonağı olub

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elektron akt zalında Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik Duqer Reqdelin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Görüşdə AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İsa Həbibbəyli Azərbaycan-Monqolustan ədəbi əlaqələrinin tarixindən danışıb. Alim Monqolustan Elmlər Akademiyası ilə təkcə ədəbiyyat sahəsində deyil, humanitar və ictimai elmlərə aid olan digər sahələrdə də əməkdaşlıq etməyin zəruriliyini qeyd edib.

Səmimi qəbula görə təşəkkürünü bildirən Monqolustan Elmlər Akademiyasının prezidenti, akademik D.Reqdel Azərbaycanda fəaliyyət göstərən alim və mütəxəssislərlə elmi əlaqələrin təşkili və inkişafında maraqlı olduqlarını deyib.

Daha sonra çıxış edən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu rəhbərlik etdiyi qurumun Monqolustan Elmlər Akademiyasının müvafiq institutu ilə qarşılıqlı əməkdaşlıq imkanlarından danışıb.

Tədbirdə Milli Azərbaycan Tarixi Muzeyinin şöbə müdiri, professor Əli Rəcəbli qədim və orta əsərlərdə Azərbaycan pulları haqqında, filologiya üzrə fəlsəfə doktoru İsmixan Osmanlı Qazaxıstanın İssık kurqanından tapılan gümüş piyalədəki sak prototürk yazıları barədə məruzə ediblər.

Sonda Ədəbiyyat İnstitutunun Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsinin kiçik elmi işçisi Lamiyə Nəsirova Monqol ədəbiyyatının Azərbaycanda tədqiqi və tərcümə məsələləri ilə bağlı çıxış edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: