Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MARAQLI MƏLUMAT

AMEA-nın iki müxbir üzvü Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb
01.06.2018 09:28
  • A-
  • A
  • A+

AMEA-nın iki müxbir üzvü Prezident İlham Əliyevin Sərəncamı ilə “Əməkdar müəllim” fəxri adına layiq görülüb

AMEA-nın müxbir üzvləri Afiq Həsənov və İsmayıl İsmayılov Prezident İlham Əliyevin 31 may 2018-ci il tarixli Sərəncamı ilə Azərbaycan mülki aviasiyasının 80 illiyi ilə əlaqədar olaraq, aviasiya sahəsində səmərəli fəaliyyətlərinə görə “Əməkdar müəllim” fəxri adına layiq görülüblər.

Milli Aviasiya Akademiyasının (MAA) elmi işlər üzrə prorektoru, AMEA-nın müxbir üzvü A.Həsənovun elmi tədqiqat işləri əsasən şüşəvari və kristallik fotoelastik mühitlərdə akustooptik qarşılıqlı təsirin xüsusiyyətlərinin tədqiqinə və onların radiotexniki məsələlərin həllində tətbiqinə həsr olunub. Bu sahədə aparılan tədqiqatlar nəticəsində siqnalların səlis tənzimlənməsini təmin edən bir başa detektorlamalı və heterodin tipli akustooptik ləngitmə xətləri yaradılıb, onların nəzəri əsasları işlənilib. Onun radiotexnika, radiolokasiya, radionaviqasiya və televiziya sistemləri və qurğuları istiqamətində gənc alimlərin yetişdirilməsində mühüm xidmətləri vardır. Alim 2015-ci ildə Azərbaycan Mühəndislik Akademiyası tərəfindən “İlin mühəndisi” fəxri adına layiq görülüb.

MAA-nın Aerokosmik informasiya sistemləri kafedrasının professoru İ.İsmayılov isə 2017-ci ildə “informatika” ixtisası üzrə AMEA-nın müxbir üzvü seçilib. Alimin rəhbərliyi ilə uçuşların təhlükəsizliyinin yüksəldilməsində böyük əhəmiyyət kəsb edən peyk və pilotaj informasiyasının birgə emalından istifadə etməklə hava gəmisinin dəqiq nəzarətli kompleks enmə sistemi yaradılıb. Onun tərəfindən uçuş informasiyasının çevrilməsi və emalına tətbiqlə siqnalların diskretləşməsi və diskretləşdirmədən sonra bərpası metodlarının analizi əsasında zamanda və fəzada dəyişən parametrlərin optimal diskretləşmə tezliyinin qiymətləndirilməsi və seçilməsi metodikası təklif edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

 

  • Paylaş: