Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda konfrans keçirilib
31.05.2018 13:20
  • A-
  • A
  • A+

“Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda konfrans keçirilib

AMEA Hüseyn Cavidin Ev Muzeyi və Abdulla Şaiqin Ev Muzeyinin birgə təşkilatçılığı ilə “Azərbaycan romantikləri və Azərbaycan Xalq Cümhuriyyəti” mövzusunda respublika elmi konfrans keçirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi münasibətilə keçirilən tədbir Hüseyn Cavid, Əhməd Cavad və Abdulla Şaiqin Cümhuriyyət dövrü yaradıcılığına həsr edilib.

Əvvəlcə konfrans iştirakçıları Hüseyn Cavidin Ev Muzeyindəki ekspozisiyalarla tanış olublar.

Tədbiri H.Cavidin Ev Muzeyinin direktoru, f.ü.e.d. Gülbəniz Babaxanlı açaraq Prezident İlham Əliyevin “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi”nin keçirilməsi və 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi haqqında sərəncamlarını xatırladıb.

O, sözügedən sənədlərin müsəlman Şərqində ilk parlamentli respublika olan AXC-yə dövlətimiz tərəfindən verilən tarixi qiymət olduğunu deyib. Bildirib ki, cəmi 23 ay yaşamış AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tarixində silinməz izlər qoyub, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirməklə respublikanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırlayıb.

G.Babaxanlı daha sonra H.Cavidlə A.Şaiqin sıx dostluq əlaqələrindən danışıb, onların birgə hazırladığı “Ədəbiyyat dərsləri” dərsliyi haqqında məlumat verib.

Konfransda, həmçinin M.Füzuli adına Əlyazmalar İnstitutunun elmi katibi, f.ü.f.d., dos. Əzizağa Nəcəfovun “Hürriyyət aşiqi Hüseyn Cavid”, institutun aparıcı elmi işçisi, f.ü.f.d. Yusif Günaydının “Romantik qəhrəmanlar sosial ədalət axtarışında”, H.Cavidin Ev Muzeyinin elmi katibi İlahə Novruzovanın “Hüseyn Cavid yaradıcılığında Türkçülüyün, Cümhuriyyətçiliyin tərənnümü”, muzeyin Ekspozisiya şöbəsinin müdiri Lalə Əliyevanın “Cümhuriyyət şairlərinin elmi-pedaqoji yaradıcılığından bir örnək”, f.ü.f.d. Arzu Əhməd Hacıyevanın “Abdulla Şaiq Cümhuriyyət illərində”, t.ü.e.d., professor Minaxanım Əsədlinin “Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında Yusif Ziya Talıbzadənin rolu” və p.e.ü.f.d., Məlahət Mürşüdlünün “Şaiq Nümunə Məktəbi” Cümhuriyyət dönəmi milli təhsil quruculuğunun intibahı kimi” mövzusunda məruzələri dinlənilib.

Sonra Abdulla Şaiqin Ev Muzeyinin direktoru, s.ü.f.d. Ülkər Talıbzadə çıxış edərək Abdulla Şaiqin və Hüseyn Cavidin sənət, ideologiya və əqidə dostu olmaları haqqında danışıb, iki muzey arasında sıx münasibətlərin olduğunu bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: