Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda soft kompütinq üzrə VII beynəlxalq konfrans keçirilir
30.05.2018 14:14
  • A-
  • A
  • A+

Bakıda soft kompütinq üzrə VII beynəlxalq konfrans keçirilir

Bakıda dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadənin elmi irsinə həsr olunan soft kompütinq üzrə VII beynəlxalq konfrans öz işinə başlayıb.

Əvvəlcə tədbir iştirakçıları Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.

Sonra Fəxri Xiyabanda Lütfi Zadənin xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Tədbirin açılış mərasimində konfransın baş katibi, Azərbaycan Texniki Universitetinin professoru Şahnaz Şahbazova çıxış edərək alimin elmi fəaliyyətindən danışıb.

Sonra konfrans barədə məlumat verən Ş.Şahbazova bildirib ki, tədbirə 30-a yaxın ölkənin alimləri 128 elmi məqalə təqdim ediblər. O, iştirakçı alimlər arasında gənclərin üstünlük təşkil etdiyini, Lütfi Zadənin gənc tədqiqatçıların yeni elmi işlərdən yararlanmaları baxımından soft kompütinq üzrə konfransların təşkilini daim yüksək qiymətləndirdiyini söyləyib.

Görkəmli alimin həyat və yaradıcılığından, banisi olduğu süni intellekt sahəsində qeyri-səlis məntiq nəzəriyyəsindən danışan AMEA-nın İdarəetmə Sistemləri İnstitutunun direktoru, akademik Telman Əliyev bildirib ki, Lütfi Zadənin nəzəriyyələri hazırda elm və istehsalatda geniş tətbiq olunur, bütün dünya böyük iqtisadi səmərə gətirən bu nəzəriyyələrdən bəhrələnir.

T.Əliyev konfransın Bakıda təşkilinin azərbaycanlı alimlər üçün böyük imkanlar açdığını, onların məşhur tədqiqatçılarla əlaqələr quraraq birgə layihələr həyata keçirə biləcəklərini söyləyib.

Tədbirdə, həmçinin amerikalı professorlar - Ceri Mendel, Vladik Kreinoviç və polşalı alim Yanus Kaspşik çıxış edərək Lütfi Zadənin nəzəriyyələrinin elmi aktuallığından və iqtisadi əhəmiyyətindən danışıblar.

Konfransda ölümündən sonra Lutfi Zadəyə verilən “Qızıl Qaz” (“Golden Goose”) mükafatı ilə bağlı videoçarx izlənilib.

Mayın 31-dək davam edəcək konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: