www.science.az
30.05.2018 13:51

Mənəvi puçluğun göstəricisi

Yaradıcı adam üçün Vətən və milli mövqe hər şeydən üstün olmalıdır. Rüstəm İbrahimbəyovun “Qafqaz üçlüyü” filmində nəinki Vətən idealı yoxdur, hətta milli mövqe də açıq-aşkar kobud şəkildə tapdalanmışdır. Bu, xalq yazıçısı adı ilə heç cür bir araya sığmır. Ümumiyyətlə, Rüstəm İbrahimbəyov bütün fəaliyyəti boyu həmişə Azərbaycan cəmiyyətində yalnız neqativ hallar axtarıb, inkişafımızı görmək və göstərmək istəməyib. Sadəcə onun əsərlərindəki tənqid uzun müddət ədəbiyyatçılar tərəfindən keçmiş sovet hakimiyyətinə yönəldilmiş kəskin münasibət kimi yozulub. Əslində isə o, həmin uydurma bəhanə ilə daim öz ölkəsini və xalqını həmişə aşağılayıb. Xalq və Vətən anlayışı Rüstəm İbrahimbəyovdan çox uzaq olan keyfiyyətlərdir. “Qafqaz üçlüyü” də onun mənsub olduğu xalqdan tam uzaq düşməyinin, düşmənə xidmət göstərməsinin açıq ifadəsidir. Azərbaycana, öz xalqına münasibətdə radikal bir erməni ilə Rüstəm İbrahimbəyovun mövqeyi eynidir. Açıq görsənir ki, Rüstəm İbrahimbəyov Ermənistanın, erməni dairələrinin rəğbətini qazanmaq, erməni lobbisindən ianə qopartmaq üçün canfəşanlıq edir. “Qafqaz üçlüyü” filmi xalqını təhqir edən Rüstəm İbrahimbəyovun heçliyini və puçluğunu ekrana çıxarır. Belə bir addımın xalq yazıçısı adını daşımağa mənəvi haqqı qətiyyən yoxdur.

İsa Həbibbəyli, AMEA-nın vitse-prezidenti, akademik

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.