Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

29.05.2018 16:45
  • A-
  • A
  • A+

Akademik Vaqif Abbasov Tatarıstanda elmi ezamiyyətdə olub

Akademik Vaqif Abbasov Tatarıstanda elmi ezamiyyətdə olub

AMEA-nın akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov Rusiya Federasiyasının Tatarıstan Respublikasının “Alqarış” tədris proqramı – “Neft-qaz kimyasının perspektiv prosesləri” qrantı üzrə Kazan Milli Tədqiqat Texnoloji Universitetində ezamiyyətdə olub.

Azərbaycanlı alim universitetin rektoru, Tatarıstan Respublikası Elmlər Akademiyasının (TREA) müxbir üzvü Sergey Yuşko ilə görüşüb. Görüşdə müştərək tədqiqatların aparılması, gənc alim və mütəxəssislərin təcrübə mübadiləsi məqsədilə iki qurum arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

Akademik, həmçinin universitetdə “Azərbaycanın unikal neftləri (əsasən müalicəvi Naftalan nefti)”, “Konservasiya mayeləri və onların əsas komponentləri”, “Azottərkibli üzvi birləşmələrin sənayedə istifadə perspektivləri”, “Təbii neft turşuları və onların əsasında alınan reaqentlərin sintezi və istifadə perspektivləri” və “Xüsusi tərkibli gübrələr və boy maddələri, onların kənd təsərrüfatında istifadə perspektivləri” mövzularında mühazirələr oxuyub.

Səfər çərçivəsində TREA-nın prezidenti, akademik Myakzyum Salaxov, vitse-prezidenti, akademik Ayrat Abdullin və Voljsk Karbohidrogen xammalı Elmi Tədqiqat İnstitutunun direktoru, akademik Axmet Mazqarovla da görüşən V.Abbasov əməkdaşlıq perspektivlərinə dair müzakirələr aparıb.

V.Abbasov daha sonra Kazan Milli Tədqiqat Texnoloji Universitenin nəzdində fəaliyyət göstərən Kimya liseyində və 7 nömrəli lisey internatda şagirdlərə dərs keçib. O, şagirdlərlə maraqlı söhbət aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Bundan əlavə, azərbaycanlı alim “Tatnefteximinvest - Xoldinq”in baş direktoru, TREA-nın müxbir üzvü Rafinat Yarullin, “KNİTU” texnoparkının direktoru Vladislav Yanov, Rusiya Elmlər Akademiyasının akademiki Oleq Stepaşin və digər şəxslərlə də görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: