Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MƏDƏNİYYƏT

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb
29.05.2018 09:28
  • A-
  • A
  • A+

Milli Azərbaycan Tarixi Muzeyində “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb

Mayın 25-də AMEA Milli Azərbaycan Tarixi Muzeyində (MATM) “Azərbaycan istiqlal müjdəçiləri” sərgisi açılıb.

Sərgidə 1918-1920-ci illərdə mövcud olmuş Cümhuriyyətin görkəmli şəxsiyyətlərinin həyat və fəaliyyəti işıqlandırılıb.

Muzeyin direktoru, akademik Nailə Vəlixanlı Prezident İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyinin keçirilməsi haqqında Sərəncamının əhəmiyyətindən bəhs edib. Alim Cümhuriyyət xadimlərinin muzeydə qorunan zəngin eksponatlarının tariximizin tədqiqində oynadığı roldan danışıb.

Mövzu ilə bağlı çıxışlar dinlənilib.

Qeyd olunub ki, AXC ilə bağlı muzeydə qorunan eksponatlara həsr olunmuş “Azərbaycan Cümhuriyyəti tarixinin yadigarları” kataloqu da hazırlanıb.

Daha sonra AXC-nin tədqiqi və təbliğinə töhfə vermiş, həmçinin sərginin təşkilində fəal iştirak etmiş şəxslərə muzey tərəfindən təşəkkürnamələr təqdim edilib.

Sonra sərgiyə baxış keçirilib.

Sərgidə qurulmuş 13 iriölçülü informasiya panelində Cümhuriyyətin siyasi, ictimai, hərbi liderlərinin bioqrafiyaları, həyata keçirdikləri tədbirlər barəsində məlumat verilir, fotoları təqdim edilir. Sərgi zalında qurulmuş 30-dan artıq digər panellərdə Cümhuriyyət xadimlərinin, bir neçəsi ilk dəfə işıq üzü görmüş tarixi fotoşəkilləri nümayiş etdirilir. Ayrıca panellərdə Cümhuriyyətin 300-dən artıq xadiminin adı, soyadı, atasının adı göstərilir, fəaliyyət sahəsi barədə məlumat verilir. Zalın baş tərəfində Dövlət Bayrağının təsviri, heykəltəraş Elşən Sərxanoğlunun müəllifi olduğu “İstiqlal müjdəçisi” heykəli nümayiş etdirilir. Sərgidə Məhəmməd Əmin Rəsulzadənin muzeyə bu günlərdə hədiyyə olunmuş məktubları da yer alıb. 

Sərgi sentyabrın 5-dək davam edəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: