www.science.az
25.05.2018 09:49

“Dastan gecələri” layihəsinin budəfəki təqdimatı “Leyli və Məcnun”a həsr olunub

Mayın 24-də Beynəlxalq Muğam Mərkəzində “Dastan gecələri” layihəsi çərçivəsində “Leyli və Məcnun” dastanı təqdim olunub.

Tədbir Beynəlxalq Muğam Mərkəzinin və AMEA-nın Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Mərasimdə Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov çıxış edərək aşıq sənətinin təbliği baxımından layihənin əhəmiyyətindən danışıb. Bildirib ki, aşıq sənəti Azərbaycan xalq yaradıcılığının qədim tarixi köklərə malik özünəməxsus hadisəsidir. Bu sənət müxtəlif mərhələlərdən keçib, xalqımızın bir çox qeyri-maddi mədəni dəyərlərini özündə cəmləşdirib. Dastan ifaçılığı barədə geniş təsəvvür yaratmaq və onu təbliğ etmək məqsədilə həyata keçirilən layihə həm də bugünkü Azərbaycan aşıq sənətinin bədii-texniki və melopoetik xüsusiyyətlərinin zənginliyini göstərməyə xidmət edir. Layihə çərçivəsində dekabrın 25-dək müasir aşıq sənətinin tanınmış nümayəndələrinin ifasında 8 dastan təqdim olunacaq.

Daha sonra Azərbaycan Aşıqlar Birliyinin üzvü Aşıq Cahangir Quliyevin ifasında “Leyli və Məcnun” dastanı söylənilib.

İki gəncin sevgisindən bəhs edən dastan tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.