www.science.az
23.05.2018 08:01

Genetik Ehtiyatlar İnstitutunda becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçirilib

Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi Tədqiqat İnstitutunun (ƏETİ) Milli səyyar seminarının iştirakçıları AMEA-nın Genetik Ehtiyatlar İnstitutunda (GEİ) olublar.

Qonaqları GEİ-nin direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov qarşılayıb, institutda genetik ehtiyatların toplanması, qorunması və kompleks qiymətləndirilməsi haqqında məlumat verib, gələcəkdə əlaqələrin daha da genişləndirilməsi, eləcə də birgə kadr hazırlığının vacibliyini bildirib.

Daha sonra seminar iştirakçıları GEİ-nin Milli Genbank və Biotexnologiya şöbələrində aparılan tədqiqat işləri ilə tanış olub, institutun kolleksiya pitomnikində becərilən dənli taxıl və paxlalı bitkilərə baxış keçiriblər.

Qeyd edək ki, sözügedən seminar Azərbaycan və Türkiyənin Kənd Təsərrüfatı nazirlikləri, Beynəlxalq Qarğıdalı və Buğda İnkişafı Mərkəzi (CİMMYT) və Quru ərazilərdə Beynəlxalq Kənd Təsərrüfatı Tədqiqatları Mərkəzinin (İCARDA) birgə təşkilatçılığı əsasında təşkil olunub.

Məqsəd Azərbaycanın müxtəlif aqroekoloji bölgələrində payızlıq buğdaların genetik ehtiyatlarının tədqiqi, müxtəlif aqroiqlim şəraitlərinə adaptasiya olunmuş sortların seçilməsi, bitkilərin mühafizəsinin optimallaşdırılması və digər fəaliyyətlərin intensivləşdirilməsidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.