Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri ölkəmizə gətirilir
22.05.2018 11:20
  • A-
  • A
  • A+

Azərbaycan Xalq Cümhuriyyətinə dair arxiv sənədləri ölkəmizə gətirilir

“Boulevard Hotel”də Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 100 illik yubileyinə həsr olunan konfrans keçirilib.

Konfransı Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov açaraq 1918-ci il mayın 28-də müsəlman Şərqində yaradılan və xalqımızın dövlətçilik tarixində misilsiz rolu olan ilk demokratik, parlamentli respublikanın - Azərbaycan Xalq Cümhuriyyətinin tarixi əhəmiyyəti barədə məlumat verib. Zakir Qaralov AXC-nin yaranmasının Azərbaycanın gələcək müstəqilliyi üçün etibarlı zəmin hazırladığını vurğulayıb.

Sonra AMEA Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov “Müasir Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisidir” mövzusunda məruzə ilə çıxış edib. Alim Prezident İlham Əliyevin 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunması və Cümhuriyyətin 100 illik yubileyinin yüksək səviyyədə qeyd edilməsi ilə bağlı sərəncamlarını diqqətə çatdırıb. AXC-nin tarixi və əldə etdiyi mühüm uğurlar barədə danışan Y.Mahmudov 1918-1920-ci illərin xalqımızın tarixinin ən parlaq səhifələrindən biri olduğunu bildirib.

Ümummilli lider Heydər Əliyevin Cümhuriyyət dövrünün dərindən araşdırılmasını daim diqqət mərkəzində saxladığını vurğulayan akademik diqqətə çatdırıb ki, bu istiqamətdə elmi tədqiqatlar fasiləsiz davam etdirilir, ilk mənbələr və arxiv sənədləri ölkəmizə gətirilir, sanballı elmi əsərlər hazırlanır və müxtəlif dillərə tərcümə edilir. Y.Mahmudov ulu öndərin vəsiyyətinə əsasən nəşr edilən “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nın Cümhuriyyət tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi əsər olduğunu deyib. O, dövlət başçısı İlham Əliyev tərəfindən də Cümhuriyyət dövrünün tədqiqinə daim xüsusi diqqət yetirilməsinin bu sahədə işin daha geniş aparılmasına imkan yaratdığını bildirib.

Daha sonra akademik “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası”nı baş prokurora təqdim edib.

Konfransda, həmçinin Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Musa Qasımlının “Müsəlman Şərqinin ilk demokratik respublikası” və Baş prokurorun müavini Namiq Əsgərovun “Azərbaycan Xalq Cümhuriyyətinin dövlətçilik tariximizdəki müstəsna rolu” mövzusunda məruzəsi dinlənilib. Qeyd olunub ki, AXC-nin hüquqi varisi olan müstəqil respublikamız Cümhuriyyət dövrünün demokratik dəyərlərinə sadiq qalaraq sürətlə inkişaf edir və dünya birliyində layiqli yer tutur.

Tədbir çərçivəsində Tarix İnstitutu tərəfindən hazırlanmış “Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası” və digər kitablar nümayiş etdirilərək konfrans iştirakçılarına təqdim olunub.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə Bakı Media Mərkəzinin hazırladığı “Əbədi ezamiyyət” sənədli filmi nümayiş etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: