www.science.az
24.04.2014 00:00

AMEA Polimer Materialları İnstitutunda gənc alimlərlə görüş keçirilib

AMEA Polimer Materialları İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Akif Əzizov Gənc alim və mütəxəssislər şurasının üzvləri və gənc əməkdaşlarla görüş keçirib.

A.Əzizov ölkə prezidenti, eləcə də akademiya rəhbərliyinin gənclərə göstərdiyi qayğı nəticəsində onların problemlərinin həlli istiqamətində bir sıra tədbirlər həyata keçirildiyini vurğulayıb.

Laboratoriyaların və gənc tədqiqatçıların elmi tədqiqat planı üzrə işlərin müvəffəqiyyətlə yerinə yetirməsi üçün müxtəlif institutlarla müqavilələrin bağlanmasının zəruriliyini bildirən A.Əzizov AMEA Neft Kimya Prosesləri İnstitutu ilə bağlanmış müqaviləni xatırladıb. A.Əzizov xarici dil probleminin həlli istiqamətində “İngilis dilini sevənlər klubu”nun yaradılması, bir qrup gəncin Sumqayıt Dövlət Universitetinə (SDU) göndərilməsi təklifi ilə çıxış edib.

SDU-da “Baza kafedrası”nın yaradılması istiqamətində işlərin aparıldığını bildirən alim gənclərin tədqiqatçı kimi formalaşmasında baza kafedralarının əhəmiyyətini vurğulayıb.

İclasda həmçinin Gənc alim və mütəxəssislər şurasının iş planı müzakirə edilib. Şuranın sədri, kimya üzrə fəlsəfə doktoru Sevil Maşayeva, üzvləri Səidə Kərimova, Aynurə Quliyeva, Nüşabə Arzumanova, kimya üzrə fəlsəfə doktoru Elnarə Aslanova və digərləri gənclərin qarşısında duran vəzifələrdən danışıb, təkliflərini irəli sürüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.