www.science.az
21.05.2018 14:55

Görkəmli şair Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimatı olub

AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XIX əsrin görkəmli şairi Mirzə Baxış Nadimin “Seçilmiş əsərləri” kitabının təqdimat mərasimi keçirilib.

Tədbiri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, kitabın tərtibçilərindən biri, f.ü.e.d. Paşa Kərimov açaraq Mirzə Baxış Nadim haqqında bu günə qədər aparılmış tədqiqatlar, onun əsərlərinin axtarışı və kitabın ərsəyə gəlmə prosesi barədə məlumat verib. Bildirib ki, nəşr Hacıqabul rayonunun Nəvahi kəndindən əldə edilmiş 354 vərəqlik əlyazma əsasında meydana gəlib.

P.Kərimov buna qədər M.B.Nadimin cəmi səkkiz satirik şeirinin bəlli olduğunu və sözügedən kitab əsasında Nadimşünaslığın formalaşacağına, şairin həyat və yaradıcılığı barədə dissertasiyaların yazılacağına ümid etdiyini söyləyib.

Sonra çıxış edən institutun aparıcı elmi işçisi, kitabın digər tərtibçisi, f.ü.e.d. Raqub Kərimov şairin qəbrinin hələ də aşkarlanmadığını və bunun üçün xüsusi komissiyanın yaradılmasının zəruriliyini diqqətə çatdırıb.

AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı, kitabın redaktoru, f.ü.e.d. Zaman Əsgərli isə M.B.Nadimin irsinin toplanması və nəşrinin ədəbiyyat tariximizin öyrənilməsində böyük rolu olacağını deyib.

Daha sonra Hacıqabul rayon Pir Hüseyn Xanəgahı Tarix-Memarlıq Qoruğunun direktoru Mübariz Xəlilov, Hacıqabul Tarix və Diyarşünaslıq Muzeyinin direktoru Məhəmməd İsayev, Hacıqabul Mədəniyyət Mərkəzinin əməkdaşı Səadət Həsənova, şair Əmrah Şirvanlı və digərləri çıxış edərək şairin həyat və yaradıcılığı haqqında danışıb, M.B.Nadimin irsinin toplanması və nəşrinə görə minnətdarlıqlarını bildiriblər.

Tədbir bədii hissə ilə davam etdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.