www.science.az
21.05.2018 11:38

Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb

AMEA Mərkəzi Nəbatat Bağı, Almaniyanın Frayburq və İranın İslam və Gilan universitetlərinin təşkilatçılığı ilə “Sosial ehtiyaclara və ətraf mühit amillərinin dəyişilməsinə qarşı Hirkan meşələrinin adaptasiya potensialının gücləndirilməsi” adlı layihəsi çərçivəsində beynəlxalq seminar keçirilib.

Tədbirdə Genetik Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək seminarın müasir dövr üçün mühüm əhəmiyyət kəsb edən mövzuya həsr olunduğunu bildirib. O, Azərbaycan, Almaniya və İran alimlərinin birgə əməkdaşlığı çərçivəsində baş tutan seminarın işində dünyanın aparıcı ölkələrindən olan mütəxəssislərin də iştirak etdiyini diqqətə çatdırıb. Bildirib ki, əsas məqsəd Hirkan meşələrinin sosial və ekoloji baxımdan adaptasiya potensialının gücləndirilməsi, bu sahədə bilik və təcrübə mübadiləsinin aparılması, biomüxtəlifliyin qorunmasında innovativ botaniki tədqiqatların rolunun müəyyənləşdirilməsi və müasir metodlardan istifadə etməklə yeni strategiyaların hazırlanmasıdır. Həmçinin tədbirin keçirilməsi bioloji müxtəlifliyin qorunması, mövcud potensialın gücləndirilməsi və müasir yanaşmalar təklif etməklə gələcək nəsillərə çatdırılması məqsədi daşıyır.

Sonra çıxış edən Mərkəzi Nəbatat Bağının direktoru, biologiya üzrə fəlsəfə doktoru Vahid Fərzəliyev son illərdə rəhbərlik etdiyi qurumda Hirkan meşələrinin öyrənilməsi ilə bağlı geniş elmi-tədqiqat işlərinin aparıldığını diqqətə çatdırıb. Bildirib ki, bu istiqamətdə Mərkəzi Nəbatat Bağının alimləri dünyanın bir sıra ölkələrində təcrübə keçərək müəyyən bilik və təcrübə əldə ediblər.

“Dünyanın ən nadir təbiət abidələrindən olan Hirkan meşələri Qafqazın qonşu ölkələrinin birgə səyi və əməkdaşlığı ilə qorunub inkişaf etdirilə bilər” – deyən alim bildirib ki, bu meşələrin ekoloji-sosial xüsusiyyətlərinin müasir yanaşmalar hesabına qiymətləndirilməsi onun inkişafına öz töhfəsini verəcəkdir. O, dünyanın qabaqcıl ölkələrinin təcrübəsinin Hirkan meşələrinə tətbiqinin uğurlu nəticələr verəcəyinə əminliyi ifadə edib.

Tədbirdə çıxış edən Botanika İnstitutunun direktoru, akademik Validə Əlizadə Hirkan meşələrindəki relikt və endemik bitki növlərinin mühafizəsinin, burada müasir idarətmə üsullarının tətbiqinin və biomüxtəlifliyin qorunmasında müasir yanaşmaların öyrənilməsinin zəruriliyini qeyd edib. Bildirib ki, beynəlxalq tədbir geniş tədqiqatçı auditoriyası üçün nəzərdə tutulub və biomüxtəliflik sahəsində müasir tədqiqatların nəticələrinin müzakirəsi və innovativ yanaşmalardan istifadə yolu ilə onların fundamental və tətbiqi istiqamətlərdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi məqsədi daşıyır.  

Botanika İnstitutunun fəaliyyəti, elmi istiqamətləri, beynəlxalq əlaqələri və burada aparılan tədqiqat işləri barədə məlumat verən akademik V.Əlizadə bildirilib ki, ölkədə bitkilər aləmini öyrənən genişprofilli elmi mərkəz kimi tanınan bu müəssisə tərəfindən floranın növ tərkibi müəyyənləşdirilib, Azərbaycan və Qafqaz florası, eyni zamanda, çoxlu növ və cinsin yeni yayılma əraziləri müəyyən edilib.

Beynəlxalq seminarda "Hirkan meşələrinin dayanıqlı idarə olunması", "İqlim dəyişkənliyinin Hirkan meşələrinin ekosisteminə və milli dayanıqlıq strategiyasına təsiri", "Hirkan meşələrinin idarə olunmasında Azərbaycanın siyasəti" və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.