www.science.az
18.05.2018 08:51

“Azərxalça” Xalq Cümhuriyyətinin yadigarı olan nadir xalçanı aşkara çıxarıb

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti (ASC) Xalq Cümhuriyyətinin yadigarı olan qədim və nadir xalça aşkara çıxarıb.

1926-cı ildə Qarabağda - Şuşa şəhərində toxunmuş bu xovlu xalça Azərbaycan xalçaçılığında unikal hadisədir. Ölkəmizin mədəniyyət tarixində ilk dəfə olaraq dövlət rəmzi - bayraq xalça üzərində öz əksini tapıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyun - 9 noyabr 1918-ci il tarixlərini əhatə edən ilk bayrağı xalq ustaları tərəfindən xalça üzərində əbədiləşdirilib. Xalçanın yazıları və təsvirləri ərəb kalliqrafiyasının qaydalarına müvafiq şəkildə soldan sağa doğru toxunub. Bu sənət əsərinin üzərində onun hicri tarixi ilə 1345-ci ildə (miladi tarixi ilə 1926-cı il) toxunduğu qeyd olunub. Türkçülüyün əbədi rəmzi olan mavi rəngli arasahənin mərkəzində təsvir olunmuş qırmızı rəngli, ay-ulduz təsvirli bayrağın üzərində “Zikr edər cinnü-mələk həm insan. Yaşasın devletü Azərbaycan” və “Hür azade yaşatsun hamunu. Hem hüquq olsun er ile nisvan” misraları yazılıb. Ölçüsü 178 x129 sm olan xovlu xalça yundan toxunub.

Qeyd edək ki, 1926-cı ildə müstəqil dövlətçilik atributunu əks etdirən belə bir xalçanın toxunması böyük cəsarət tələb edirdi. Müstəqillik ideyasının yaşadılması üçün xalçanın seçilməsi təsadüfi deyildi. Çünki xalça bizim milli sərvətimizdir, Azərbaycan xalqının dəyərlərini, həyat tərzini, tarixini özündə yaşadan qiymətli nümunədir. Bu fakt Prezident İlham Əliyevin xalçaçılığın inkişafına nə üçün belə yüksək diqqət və qayğı göstərdiyini, müstəqilliyimizi qoruyub saxlamaq naminə bütün vasitələrdən istifadə etdiyini bir daha sübuta yetirir.

Azərbaycanda şəxsi kolleksiyada saxlanılan bu unikal xalça nümunəsi 2013-cü ildə Hollandiyada şəxsi kolleksiyadan alınaraq ölkəmizə gətirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.