Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

14.05.2018 10:14
  • A-
  • A
  • A+

Astarada “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda müzakirələr aparılıb

Astarada “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda müzakirələr aparılıb

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutuLənkəran Regional Elm Mərkəzi, Astara Rayon İcra Hakimiyyəti və rayon Kənd Təsərrüfatı İdarəsinin birgə təşkilatçılığı ilə “Çay, çəltik və sitrus bitkilərinin mütərəqqi becərmə texnologiyaları” mövzusunda keçirilən elmi-praktik seminar keçirilib. 

Astara Rayon Kənd Təsərrüfatı İdarəsində keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev ölkəmizdə aqrar sahənin inkişafı ilə bağlı dövlət siyasətindən danışıb. Bildirib ki, 2017-ci il sentyabrın 3-də ölkə Prezidentinin sədrliyi ilə Lənkəran şəhərində çayçılıq, çəltikçilik və sitrusçuluğun inkişaf etdirilməsi ilə bağlı keçirilən respublika müşavirəsində dövlətimizin başçısının proqram xarakterli nitqində kənd təsərrüfatının bu sahələrinin inkişafı ilə əlaqədar qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrin icrası ilə əlaqədar rayonun fermer təsərrüfatlarının başçıları, istehsal, emal müəssisələrində çalışan sahibkarların iştirakı ilə görüşlər keçirilib, kənd təsərrüfatının Astara rayonu üçün xarakterik sahələrinin inkişaf yolları barədə fikir mübadiləsi aparılıb. Bunun nəticəsi olaraq qısa müddətdə rayonda 1500 hektara yaxın əkinəyararlı torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.

Diqqətə çatdırılıb ki, 2017-cı ildə rayonda 447 hektar çəltik sahəsindən 1800 ton məhsul yığılıb. 197 hektar məhsuldar çay plantasiyalarından 476 ton yaşıl çay yarpağı yığılaraq, çay emalı müəssisələrinə təhvil verilib. Son iki ildə yeni salınmış sitrus və subtropik meyvə bağlarının sahəsi 40 faiz artırılıb.

Seminarda Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, AMEA-nın Lənkəran Regional Elm Mərkəzinin direktoru, professor Fərman Quliyev, Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Üzvi gübrələr laboratoriyasının müdiri, professor Paşa Zamanov, həmin laboratoriyanın aparıcı elmi işçisi, professor Ə.Əlizadə çıxış edərək Azərbaycanda kənd təsərrüfatının inkişafında elmin rolu, Lənkəran-Astara zonasında çayçılıq və çəltikçilikdə üzvi gübrələrdən istifadənin səmərəliliyi, torpaqlardan müasir texnologiyalar əsasında səmərəli istifadə üsulları, çəltikçilikdə yeni texnologiyadan istifadə qaydaları barədə fermer və sahibkarlara ətraflı məlumat veriblər.

Tədbirdə fermerləri və məhsul istehsalçılarını maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: