www.science.az
10.05.2018 04:09

“Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimatı olub

Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən nəşr edilən ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı kitabın təqdimatı keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin dövlətimiz və xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən danışıb. Akademik İsa Həbibbəyli bildirib ki, Heydər Əliyev ədəbiyyatı, Azərbaycan ədəbi-ictimai fikrini xalqın böyük ideallarına doğru məharətlə istiqamətləndirmiş və inkişaf etdirmişdir. Məhz ulu öndər Heydər Əliyevin apardığı məqsədyönlü siyasət sayəsində XX əsrin 70-80-ci illərindən Azərbaycan ədəbiyyatı milli mənəvi dəyərləri vəsf etmiş və xalqın tarixi ilə bağlı mövzulara və şəxsiyyətlərə doğru böyük dönüş baş vermişdir. 

"Ulu öndər Azərbaycan xalqının çoxəsirlik tarixində azərbaycançılıq təlimini müstəqil dövlətin ideologiyası səviyyəsinə çatdırıb, respublikamızın siyasi-ideoloji və iqtisadi-mədəni inkişaf konsepsiyasının möhkəm əsaslarını yaradıb" - deyə bildirən İ.Həbibbəyli “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabında ilk dəfə olaraq ədəbiyyatda Heydər Əliyev obrazının tədqiqata cəlb edildiyini bildirib. Qeyd edib ki, kitabda görkəmli sənətkarların və yeni ədəbi nəsillərin müxtəlif janrlarında bu istiqamətdəki yaradıcılıq axtarışları geniş təhlil olunaraq elmi-nəzəri ümumiləşdirmələr aparılıb. Monoqrafiyada, həmçinin müasir şəraitdə ədəbiyyatda Heydər Əliyev ideallarının yaşadılmasının davam etdirilməsi və bədii obrazın yeni təfəkkür əsasında canlandırılması məsələlərinə işıq salınıb.

Akademik İ.Həbibbəyli çıxışında Azərbaycan-Misir ədəbi əlaqələrindən danışaraq bildirib ki, bu gün Misir universitetlərində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Cəlil Məmmədquluzadə ayrıca kurs kimi tədris olunur.

Tədbirdə çıxış edən Misir Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzinin sədri Əhməd Sami Əl-Aydi ümummilli lider Heydər Əliyevin Azərbaycan-Misir əlaqələrinin banisi olduğunu bildirib. Qeyd edib ki, Misirdə xarici dövlət liderlərindən yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin heykəli vardır.

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oktay Səmədov isə çıxışında kitabı ədəbiyyatda ulu öndərin obrazını verən mühüm tədqiqat əsəri kimi dəyərləndirib. O, monoqrafiyanın tədqiqatçı və mütəxəssislər üçün faydalı mənbə olduğunu vurğulayıb.

Daha sonra AMEA-nın müxbir üzvü Tehran Mustafayevin “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” adlı məruzəsi dinlənilib.

Konfrasnda professor İmamverdi Həmidov, filologiya üzrə elmlər doktoru Yaşar Qasımbəyli, filologiya üzrə fəlsəfə doktoru Elnarə Akimova çıxış edərək “Ədəbiyyatda Heydər Əliyev obrazı: tarixi gerçəklikdən ideala” kitabı haqqında fikirlərini bölüşüblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.