Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  GÖRÜŞLƏR

10.05.2018 09:33
  • A-
  • A
  • A+

Avstriyalı alim Şamaxı Astrofizika Rəsədxanasında saxlanılan meteoritlə bağlı araşdırma aparacaq

Avstriyalı alim Şamaxı Astrofizika Rəsədxanasında saxlanılan meteoritlə bağlı araşdırma aparacaq

Avstriyanın Vyana Təbiət Tarixi Muzeyinin (VTTM) meteorit kolleksiyası üzrə koordinatoru, Beynəlxalq Meteoritlər Cəmiyyətinin üzvü, professor Ludovic Ferriere AMEA-nın N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) olub.

Qonağa rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində məlumat verilib, birgə əməkdaşlıq perspektivləri müzakirə olunub.

Səfər çərçivəsində L.Ferriere ŞAR-ın seminarında çıxış edib.

Tədbiri rəsədxananın elmi işlər üzrə direktor müavini, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elçin Babayev açaraq avstriyalı alimin səfərinin əsas məqsədinin ŞAR-ın Astronomiya Muzeyində qorunub saxlanılan Yardımlı meteoritinin müasir texnologiyalarla yenidən analizi, həmçinin digər meteoritlərlə bağlı məlumatların öyrənilməsi olduğunu bildirib: "Bundan əlavə, 1906-cı ildə tapılmış Kulp meteoritinin ermənilərin iddialarının əksinə olaraq, Azərbaycana məxsusluğunun dəlillərlə sübut edilməsi də planlaşdırılır".

Daha sonra qonaq seminarda “Meteoritlər və onların Yer üzərindəki zərbə kraterləri: biz onlardan nə öyrənirik?” mövzusunda məruzə ilə çıxış edib. O, əvvəlcə dünyanın unikal eksponatlarının saxlanıldığı VTTM haqqında məlumat verib. Qeyd edib ki, əsası 1876-cı ildə qoyulan VTTM dünyanın ən çox nadir kolleksiyası olan muzeylərindən biridir: “Burada müxtəlif elm sahələrinə aid milyonlarla eksponat saxlanılır. Muzeyin minerallar və meteoritlər şöbəsində minlərlə meteorit nümunəsi var”.

Azərbaycan ərazisindən tapılan meteoritlərdən danışan natiq vurğulayıb ki, 1891-ci ildə Ağcabədi rayonu ərazisindən aşkarlanan Hindarx meteoritinin kiçik hissələri dünyanın bir çox muzeylərində, o cümlədən Vyana Təbiət Tarixi Muzeyində də saxlanılır.

Daha sonra L.Ferriere Yer üzərindəki zərbə kraterləri, onların yayılma arealından və ekspedisiyalarından  bəhs edib.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: