Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Bakıda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinə dair elmi-praktik konfrans işə başlayıb
07.05.2018 12:55
  • A-
  • A
  • A+

Bakıda bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyinə dair elmi-praktik konfrans işə başlayıb

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi və AMEA-nın birgə təşkilatçılığı ilə “Bazar iqtisadiyyatı şəraitində torpaq idarəçiliyi: nailiyyətlər və müasir çağırışlar” mövzusunda elmi-praktik konfrans işə başlayıb.

Məqsəd ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə reallaşdırılan torpaq islahatları, bazar iqtisadiyyatı şəraitində ölkəmizdə torpaq idarəçiliyinin elmi-praktiki əsaslarının tədqiqi, respublikada kadastr uçot sisteminin modernləşdirilməsi, bu istiqamətdə təkliflərin hazırlanmasına dair müzakirələrin aparılması idi. Bundan başqa, torpaq inzibatçılığı sahəsində həyata keçirilən işlərin daha da təkmilləşdirilməsi yönündə elm adamları ilə birgə fikir mübadiləsinin aparılması, torpaq idarəçiliyində elmi yanaşmaların praktiki fəaliyyətdə tətbiq edilməsinin rasional həll istiqamətlərinin axtarılması da konfransın əsas vəzifələrindən olub. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın prezidenti, akademik Akif Əlizadə konfransın aktuallığından danışıb, müasir şəraitdə torpaq idarəçiliyinin elmi əsaslarla təşkilinin vacibliyini vurğulayıb. Bildirib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu torpaq islahatlarının ən mühüm xüsusiyyəti onun ciddi elmi bazaya əsaslanması və bu sahədə ən son elmi nailiyyətlərin, yeniliklərin geniş tətbiqidir.

Hazırda Prezident İlham Əliyevin qarşıya qoyduğu əsas problemin qeyri-neft sektorunun inkişaf etdirilməsi, ərzaq məhsulları idxalını minimuma endirmək, kənd təsərrüfatı məhsulları ixracını artırmaq, əhalinin ərzaq təhlükəsizliyini təmin etmək olduğunu deyən AMEA rəhbəri bu məqsədlə ölkə başçısının təşəbbüsü ilə bir sıra proqram və qanunların qəbul edildiyini diqqətə çatdırıb.

Qeyd olunub ki, orbitdə milli kosmik peyklər tərəfindən toplanmış məlumatların super kompüter və BigData texnologiyalarının dəstəyi ilə intellektual emalı nəticəsində torpaq resusrlarından istifadənin optimallaşdırılması, ekoloji vəziyyətininin qiymətləndirilməsi, daha operativ qərarların qəbulu, kompüter modelləşdirilməsinin köməyi ilə risklərin proqnozlaşdırılması və onlara qarşı qabaqlayıcı tədbirlərin görülməsi, yer səthində gedən proseslərin çoxtəyinatlı monitorinqinin aparılması alimlər qarşısında yeni vəzifələr qoyur.

Akademik A.Əlizadə Azərbaycanın kosmosda özünün süni peyklərinin yerləşdirməsinin ərazinin təbii şəraiti və ehtiyatları haqqında müvafiq informasiya bazası yaratmaqla torpaq ehtiyatlarından daha səmərəli istifadəyə imkan yaratdığını bildirib. Vurğulayıb ki, "Azərskay" peyki vasitəsilə məkan-məlumat-informasiya strukturunun yaradılması Əmlak Məsələləri Dövlət Komitəsinin və AMEA-nın müvafiq instiutlarının birgə fəaliyyətinin səmərəliliyini artıra bilər.

Sonra çıxış edən Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov qeyd edib ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə digər sahələrdə olduğu kimi daşınmaz əmlak, o cümlədən torpaq idarəçiliyində də uğurlu islahatlar həyata keçirilib. Torpaqların səmərəli istifadəsinə nəzarətin mükəmməl mexanizmləri formalaşıb, torpaq sahələrinin səmərəli idarə edilməsi ilə bağlı sistemləşdirilmiş məlumat bankının yaradılması istiqamətində işlər görülüb. 

"Əmlak Məsələləri Dövlət Komitəsi torpaq ehtiyatlarının idarə edilməsində, onların mühafizəsində, kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasında elmi əsaslara istinad edir, kadastr uçot işlərinin aparılmasının gedişində elmi texniki tərəqqinin nailiyyətlərinə olduqca geniş yer ayırır" - deyə bildirən komitə sədri bu sahədə aparılan işlərin texnoloji cəhətdən modernləşdirilməsinə xüsusi önəm verildiyini vurğulayıb.

K.Həsənov ölkədə ilk dəfə Torpaqların Elektron kadastr Uçotu Sistemi və torpaqların səmərəli istifadəsində Peyk Nəzarət Sisteminin qurulması barədə də məlumat verib. Bildirib ki, əldə edilən peyk məlumatları torpaqlardan təyinatından kənar və ya qeyri-səmərəli istifadə hallarını vaxtında aşkar edib, müvafiq tədbirlər görməyə imkan verəcəkdir.

Komitə sədri Torpaqların Elektron Kadastr Uçotu Sisteminin formalaşması prosesində qarşıya çıxan məsələlərin həll edilməsində Azərbaycan Milli Elmlər Akademiyasının müvafiq elmi-tədqiqat institutlarının, gənc alimlərin fəal iştirakının faydalı olacağını bildirib. Elm adamlarının verəcəyi təkliflər, aparacağı təhlillər kadastr uçotu işlərinin daha da sürətlənməsinə, səmərəliliyin artmasına səbəb olacaq.

Tədbirdə çıxış edən Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov, Əmlak Məsələləri Dövlət Komitəsinin Daşınmaz Əmlakın kadastrı və Ünvan Reyestri Xidmətinin rəis müavini, professor Ramiz Quliyev,  coğrafiya üzrə elmlər doktoru Zakir Eminov və digərləri torpaqların səmərəli istifadəsində aqroiqlim ehtiyatlarının və relyefin nəzərə alınmasının zəruriliyi, Azərbaycanda torpaq ehtiyatlarından istifadənin müasir vəziyyəti, ölkədə aparılan torpaqların elektron kadastr uçotu və digər mövzularda məruzə və təqdimatlarla çıxış ediblər.

Konfrans çərçivəsində, həmçinin torpaq idarəçiliyi və kadastr sahəsində elmi-tədqiqat işləri aparan gənc alimlərin, doktorant və magistrantların ən yaxşı elmi işi üzrə açıq müsabiqə də elan olunub. Müsabiqənin şərtləri yaxın zamanlarda KİV-də açıqlanacaq.

Sonra mövzu ilə bağlı çıxışlar olub, məruzələr dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: