www.science.az
21.04.2014 00:00

AMEA-nın illik ümumi yığıncağında təşkil olunmuş sərgidə AMEA Naxçıvan Bölməsinin fəaliyyəti işıqlandırılıb

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağında AMEA institut və təşkilatlarının fəaliyyətini əks etdirən sərgi təşkil olunub. Sərgidə Prezident Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyev, AMEA-nın həqiqi və müxbir üzvləri, institut və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Sərgidə akademik R.Mehdiyev, AMEA prezidenti, akademik Akif Əlizadə, AMEA-nın akademik-katibi, müxbir üzv Rasim Əliquliyev və onları müşayiət edən digər qonaqlar AMEA Naxçıvan Bölməsinin fəaliyyətini əks etdirən stendlə yaxından tanış olublar. Qonaqlar institutda Naxçıvanın tarixi, etnoqrafiyası, arxeologiyası, ədəbiyyatı, folkloru, bioresursları, təbii ehtiyatlarının araşdırılması istiqamətində aparılan elmi-tədqiqat, elmi-innovasiya işlərinin nəticələrini əks etdirən elmi əsər və kitablar, jurnal və bukletlərlə tanış olublar. Onlara dövlət proqramları çərçivəsində aparılan işlərin nəticələri, institut tərəfindən keçirilmiş konfrans, tədbir, seminarlar, institut əməkdaşlarının tanınmış elmi jurnallarda dərc olunmuş əsərləri haqqında ətraflı məlumat verilib.

Bildirilib ki, bölmənin Batabat Astrofizika Rəsədxanasında mövcud olan internet şəbəkəsi yenidən qurulmuş Bölmənin internet portalı yenilənmiş, elektron kitabxana istifadəyə verilmişdir. AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmədə nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan tarixi atlası”, “Naxçıvan teatrının səlnaməsi”, “Naxçıvanın folkloru antologiyası” və s. kitablar, bölmə əməkdaşlarının monoqrafiyaları, qalib olmuş qrant layihələr haqqında ətraflı məlumat verib. Qeyd edib ki, bölmənin fəaliyyəti dövründə 89 monoqrafiya, 141 kitab, 14 metodik vəsait, 4619 məqalə, 150 tezis, 18 xəritə çap olunub. Ötən fəaliyyət dövründə bölmə əməkdaşları 9 qrant layihəsinin qalibi olublar.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.