Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  MÜHÜM HADİSƏLƏR

05.05.2018 11:56
  • A-
  • A
  • A+

“Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib

“Ali məktəb tələbələri arasında informatika üzrə XII Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda “Ali məktəb tələbələri arasında informatika üzrə Ümumrespublika Olimpiadası”nın final mərhələsi keçirilib. 2007-ci ildən müntəzəm olaraq keçirilən tədbirin təşkilatçıları AMEA-nın İnformasiya Texnologiyaları İnstitutu, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu və Təhsil Nazirliyidir.

17 May – Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan olimpiadanın əsas məqsədi ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki biliklərinin və bu sahəyə olan marağının artırılması, habelə sahə üzrə seçilən tələbələrin beynəlxalq yarışlara cəlb edilməsidir.

Tədbiri giriş sözü ilə açan AMEA-nın akademik-katibi, İnformasiya Texnologiyaları İnstitutunun direktoru, akademik Rasim Əliquliyev olimpiada iştirakçılarını akademiya prezidenti, akademik Akif Əlizadə və rəhbərlik etdiyi qurumun kollektivi adından salamlayıb.

O, ənənəvi hal alan olimpiadanın bu il ümummillli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə təsadüf etdiyini söyləyib.

Azərbaycanda elm və təhsilin inkişafına ölkə rəhbərliyi, eləcə də AMEA tərəfindən daim xüsusi diqqət göstərildiyini deyən alim İKT-nin bu sahələrdə tətbiqinin geniş imkanlar təqdim etdiyini qeyd edib. Bildirib ki, bu kimi müsabiqələrin təşkili elm və təhsilin inteqrasiyası istiqamətində həyata keçirilən mühüm tədbirlərdəndir.

Akademik müasir dövrdə dünyada informatika və proqramlaşdırma sahələrinin inkişaf etdirilməsinə böyük önəm verildiyini deyərək bu sahə üzrə yüksəkixtisaslı, böyük elmi-praktiki təcrübəyə malik, innovativ təfəkkürlü kadrların, xüsusən də proqram mühəndislərinin hazırlanmasına tələbatın olduğunu vurğulayıb. R.Əliquliyev, həmçinin kiber və informasiya təhlükəsizliyi məsələlərinin çox önəmli olduğunu, bu istiqamətdə ölkə rəhbərliyi tərəfindən əməli tədbirlərin görüldüyünü bildirib.

Alim bugünkü bilik yarışının həyata keçirilməsində institutun AzScienceNet elm-kompüter şəbəkəsinin resurslarından istifadə ediləcəyini vurğulayıb, bu şəbəkənin dünyanın nüfuzlu beynəlxalq təşkilatları ilə sıx əməkdaşlıq əlaqələri quraraq akademiyanın institut və təşkilatlarının əməkdaşlarının dünyanın elm və təhsil şəbəkələrinin təqdim etdiyi imkanlardan yararlanmasına şərait yaratdığını diqqətə çatdırıb.

R.Əliquliyev bildirib ki, ötən 10 il ərzində hər il orta hesabla 10-15 ali təhsil müəssisəsindən 40-50 komanda (160-200 iştirakçı) olimpiadanın birinci mərhələsinə qoşulub, bu il isə respublika üzrə 25 ali təhsil müəssisəsindən 62 komanda yarışda iştirak hüququ qazanıb. O, paytaxt ilə yanaşı, regionlarda fəaliyyət göstərən 14 ali təhsil müəssisəsinin - Bakı Mühəndislik Universiteti, ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı, Dövlət İdarəçilik Akademiyası, Azərbaycan-Fransız Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Aqrar Universiteti, Sumqayıt Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Universiteti və Naxçıvan Dövlət Universitetinin ən yaxşı nəticə göstərən 14 komandasının olimpiadanın ikinci (final) mərhələsinə vəsiqə qazandığını söyləyib. Alim, həmçinin qeyd edib ki, cari ildə bu yarışda müxtəlif komandaların tərkibində 25 xanım iştirakçı təmsil olunub.

Sonra Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə çıxış edərək ölkə rəhbərliyi tərəfindən İKT-nin inkişafına daim diqqət göstərildiyini və bu istiqamətdə mühüm tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, İKT-nin dinamik inkişafı və vüsət alması ilə formalaşan informasiya cəmiyyətinin qurulmasında Azərbaycanın gələcəyi olan gənclər də yaxından iştirak etməlidir. Bu baxımdan ali məktəb tələbələrinin informatika, proqramlaşdırma sahəsindəki bilikləri və bu sahəyə olan marağının artırılmasına, habelə seçilən tələbələrin beynəlxalq olimpiadalara cəlb edilməsinə xidmət edən bilik yarışlarının keçirilməsinin təqdirəlayiq hal olduğunu bildirib.

E.Vəlizadə, həmçinin "Kiber Təhlükəsizlik üzrə Milli Strategiya"nın hazırlanması istiqamətində işlərin getdiyini və cari ilin sonunda tamamlanacağını diqqətə çatdırıb.

Tədbirdə Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini, Elm, ali və orta ixtisas təhsili şöbəsinin müdiri Yaqub Piriyev çıxış edərək tədbir iştirakçılarını nazirliyin rəhbərliyi adından salamlayıb. Ölkəmizdə əsası ümummilli lider H.Əliyev tərəfindən qoyulmuş gənclər siyasətinin bu gün də uğurla davam etdirildiyini söyləyən Y.Piriyev bu məqsədlə təqdirəlayiq addımların atıldığını söyləyib. Bu kimi tədbirlərin keçirilməsinin istedadlı gənclərin seçilməsi, onların İKT biliklərinin təkmilləşdirilməsi və ölkəmizdə bu sahə ilə bağlı həyata keçirilən müxtəlif layihələrə cəlb edilməsinə imkan yaratdığını bildirib.

Y.Piriyev, həmçinin bu il "İnformasiya təhlükəsizliyi" üzrə qəbul planının 7 dəfə artırılaraq 140-a yüksəldildiyini və bu məsələyə xüsusi önəm verdiklərini diqqətə çatdırıb.

Tədbirdə, o cümlədən Heydər Əliyev Fondunun nümayəndəsi, hüquq üzrə fəlsəfə doktoru Zafiq Xəlilov və olimpiadanın Münsiflər Heyətinin sədri, BDU-nun dosenti Ramin Mahmudzadə çıxış edərək İKT-nin müasir dövrdə cəmiyyətin inkişafındakı rolundan, bu sahədə peşəkar kadrların hazırlanmasından danışıb, gənclərə uğurlar arzulayıblar.

Mərasimdə olimpiadanın təşkilatçılarından olan Bakı Mühəndislik Universitetinin müəllimi Etibar Seyidzadə texniki məsələlər və prosedurlar haqqında ətraflı məlumat verib. Bildirib ki, olimpiada beynəlxalq “Ali məktəb tələbələrindən ibarət komandalar arasında proqramlaşdırma üzrə beynəlxalq olimpiada” qaydalarına əsasən keçirilir. O, müsabiqə zamanı hər komandaya 5 saat ərzində 12 alqoritmik məsələni həll etmək tapşırığının veriləcəyini və ən yaxşı nəticə göstərən 4 komandanın qalib elan ediləcəyini söyləyib.

Sonra Təşkilat Komitəsinin üzvləri müsabiqənin keçirildiyi auditoriyalarda final mərhələsində iştirak edən komandalarla tanış olublar.

Şəffaflığın təmin olunması üçün müsabiqənin gedişatına institutda quraşdırılmış video-müşahidə sistemi vasitəsilə müəllimlər tərəfindən nəzarət edilib.

Qeyd edək ki, qaliblər (I-IV yerlər) mayın 17-də baş tutacaq yekun mərasimdə “Nar” operatoru və “BestComp Group” şirkətinin təqdim etdiyi qiymətli hədiyyələr, habelə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən fəxri fərman və diplomlarla mükafatlandırılacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: