www.science.az
03.05.2018 12:33

"XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda konfrans keçirilib

"Park İnn" otelində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr edilən "XXI əsrdə insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində müasir nəzəri və praktiki yanaşmalar" mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib.

Tədbir AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi və Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub.

Milli Məclisin deputatları, müvafiq dövlət qurumlarının rəsmiləri, alimlər və KİV nümayəndələrinin iştirak etdiyi tədbiri Hüquq və İnsan Haqları İnstitutunun direktoru, hüquq üzrə elmlər doktoru, professor Aytən Mustafazadə açaraq konfransın ənənəvi hal aldığını və bu il ulu öndərin anadan olmasının 95-ci ildönümünə təsadüf etdiyini bildirib. Qeyd edib ki, ümummilli lider Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra aparılan məqsədyönlü daxili və xarici siyasət nəticəsində Azərbaycanın hər bir vətəndaşına azad, sərbəst yaşamaq, hüquqlarını təmin etmək və öz rifahını yaxşılaşdırmaq imkanı verilib.

Ulu öndərin Azərbaycan dövlətinin ali məqsədi kimi insanların və vətəndaşların hüquqlarının qorunmasına böyük önəm verdiyini deyən A.Mustafazadə ümummilli liderin təşəbbüsü və səyləri nəticəsində 12 noyabr 1995-ci ildə Konstitusiyanın qəbul olunduğunu xatırladıb.

Alim ötən illər ərzində keçirilən referendumlar nəticəsində Konstitusiyaya bir neçə dəyişikliyin edildiyini və yeni maddələrdə də insan hüquq və azadlıqlarının təmininə böyük önəm verildiyini vurğulayıb. Aytən Mustafazadə konfransda müzakirə olunacaq mövzuların problemlərin aşkarlanmasında və həllində, o cümlədən gələcək strategiyanın müəyyənləşdirilməsində mühüm rol oynayacağını diqqətə çatdırıb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin sədri, hüquq üzrə elmlər doktoru, professor Fərhad Abdullayev, Qara dəniz və Xəzər dənizi Regionu Ölkələri Hüquqşünasları Assosiasiyasının sədri, hüquq üzrə elmlər doktoru, professor İlham Rəhimov, Milli Məclis sədrinin müavini Bahar Muradova və digərləri çıxış edərək ölkəmizdə insan hüquq və azadlıqlarının təmini və inkişafında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlərdən, Konstitusiyanın qəbulundan, qanun və məcəllələrin beynəlxalq normalara uyğunlaşdırılmasından danışıblar. Bundan əlavə, 2018-ci ilin əlamətdar il olduğu, Azərbaycan Xalq Cümhuriyyətinin, Milli Məclisin, Silahlı Qüvvələrin və digər dövlət orqanlarının 100 illik yubileylərinin keçiriləcəyi bildirilib.

Konfransda, həmçinin Hüquq və İnsan Haqları İnstitutunun şöbə müdiri, h.ü.e.d., dosent Ayxan Rüstəmzadənin "Azərbaycan Respublikasının Məhkəmə-Hüquq Şurası ədalət mühakiməsinin özünüidarəetmə orqanı kimi", Konstitusiya Məhkəməsinin hakimi, h.ü.f.d. Rövşən İsmayılovun "Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin təcrübəsində məhkəməyə müraciət etmək hüququ", Konstitusiya Məhkəməsinin şöbə müdiri, h.ü.f.d. Dürdanə Məmmədovanın "Qanunçuluğun təmin edilməsi və hüquq mədəniyyətinin yüksəldilməsində Konstitusiya Ədalət Mühakiməsinin rolu", Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin dekanı, h.ü.e.d., professor Əmir Əliyevin "Azərbaycan Respublikasının beynəlxalq cəmiyyətə inteqrasiyasında hüquq təhsili və elminin yeni inkişaf istiqamətləri", BDU-nun kafedra müdiri, h.ü.e.d., professor Alış Qasımovun "Azərbaycan Respublikası əmək qanunvericiliyində boşluqlar və onların aradan qaldırılması yolları" və BDU-nun baş müəllimi Elşad Nəsirovun "Müstəqillik dövründə insan və vətəndaşların hüquq və azadlıqlarının müdafiə mexanizmlərinin inkişafı" mövzusunda məruzələri dinlənilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.