www.science.az
05.11.2013 00:00

Ümumdünya Elm Günü – tarixə nəzər

10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günüdür.

Təqvimdə yer alan 12 aydan hər biri daha çox hansısa əlamətdar hadisəni özündə əks etdirən günlə yadda qalır. Dünya səviyyəsində qeyd olunan tarixi günlər isə xüsusilə fərqlənir. Bütün dünya ölkələrinin maraqlarını birləşdirən belə əlamətdar günlərdən biri də 10 Noyabr Sülh və İnkişaf Naminə Ümumdünya Elm Günüdür.

Beynəlxalq səviyyədə elm gününün qeyd olunması ideyası hələ ötən əsrin ortalarında meydana çıxsa da ilk dəfə Elm və sülh həftəsi 1986-cı ildə QHT-nin təşkilatçılığı ilə keçirilmişdir. Elm və sülh həftəsinin uğurlu alınması təşkilatçıları bu ənənəni davam etdirməyə sövq etmişdir. Nəticə etibarilə 1988-ci ildə Beynəlxalq elm və sülh həftəsinin keçirilməsi ilə əlaqədar BMT Baş Assambleyası qətnamə qəbul etmişdir. O vaxt bu əlamətdar hadisə 4-11 noyabr tarixlərinə təsadüf etmişdir. Sülh və inkişaf naminə Ümumdünya elm gününün məhz noyabrın 10-da qeyd olunması tarixi bununla səciyyələnir. İlk dəfə 1999-cu ildə Budapeştdə keçirilən Ümumdünya Elm Konfransında bu haqda təşəbbüs irəli sürülmüşdür. Təşəbbüsün müəllifləri fikirlərini belə əsaslandırmışlar ki, “Sülh və İnkişaf naminə Ümumdünya Elm Gününün” təqvimə salınması qlobal problemlərin həlli üçün elmlə ictimaiyyətin birliyini təmin edəcək.

Beləliklə, 2001-ci ildə YUNESKO-nun Baş konfransının 31-ci sessiyasında elm gününün qeyd olunması qərarı rəsmi şəkildə elan olunmuş və 2002-ci ildən etibarən dünyanın əksər ölkələrində keçirilir. Bu əlamətdar günün qeyd edilməsində əsas məqsəd beynəlxalq və milli səviyyədə elmin rolunu yüksəltmək, eləcə də elmi nəticələrin cəmiyyətin dinc və sabit inkişafına təsirini artırmaqdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.