Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2018 14:22
  • A-
  • A
  • A+

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA-nın İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib

AMEA Rəyasət Heyəti aparatının İkinci xüsusi şöbəsində növbəti seminar-məşğələ keçirilib.

AMEA-nın elmi müəssisə və təşkilatlarının Mülki Müdafiə (MM) qərargah rəislərinin iştirak etdiyi tədbiri şöbənin rəisi Eldar Quliyev açaraq gündəlikdə duran məsələləri diqqətə çatdırıb.

Azərbaycanın görkəmli alimlərinin mütəmadi seminarlara dəvət olunduğunu deyən E.Quliyev bildirib ki, bugünkü məşğələ "Zəlzələnin baş vermə səbəbləri və zəlzələ zamanı davranış qaydaları"na həsr edilib.

E.Quliyev daha sonra Azərbaycan Respublikası Prezidentinin 18 aprel 1998-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş "Mülki müdafiə haqqında Azərbaycan Respublikası Qanunu"nda vətəndaşların vəzifələrini xatırladıb. Bildirib ki, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bacarmaq, fövqəladə hadisələrdən əsas müdafiə üsullarını və vasitələrini öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etmək və ilkin tibbi yardımın göstərilməsi qaydalarını öyrənmək və onu tətbiq etməyi bacarmaq vətəndaşların başlıca vəzifələridir.

Sonra Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Seysmologiya şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru Tahir Məmmədlinin "Zəlzələnin baş vermə səbəbləri"nə dair məruzəsi dinlənilib. Alim bu gün seysmologiya elminin qarşısında duran ən mühüm problemin zəlzələnin proqnozlaşdırılması olduğunu deyib. Bildirib ki, hazırda zəlzələnin yerini texniki imkanlarla əvvəlcədən müəyyən etmək olsa da, vaxtını dəqiq vermək mümkün deyil.

O, zəlzələlərin baş vermə səbəbinin yer səthində görünən və ya dərinlikdə ehtimal edilən qırılma zonaları ilə əlaqədar olduğunu, "seysmik aktuallıq harada olmuşsa, zəlzələ orada da olacaqdır" paradiqmasının tamamilə yanlış olduğunu vurğulayıb.

Zəlzələ proqnozunun birinci mərhələsinin seysmik rayonlaşdırma olduğunu deyən T.Məmmədli keçmiş SSRİ-nin, o cümlədən Azərbaycanın 1980-ci ildə seysmik rayonlaşdırma xəritəsinin genetik metod əsasında tərtib olunduğunu açıqlayıb. O, bu xəritələrin yanlış olduğunu və 1980-ci illərdə Rusiya, Ermənistan, Gürcüstan, Qazaxstan və Qırğızıstanda göstərilən seysmik təhlükə səviyyəsinə adekvat olmayan  daha güclü zəlzələlərin baş verdiyini deyib.

Alim son 30 il ərzində Azərbaycan ərazisində baş vermiş zələlələrin daha az Qarabağ və Xəzərin cənubunda qeydə alındığını söyləyib. T.Məmmədli Bakı şəhəri üçün ən böyük seysmik təhlükənin Xəzər dənizindəki zəlzələ ocaqlarından gözlənildiyini və bu təhlükənin ümumi fon səviyyəsinin MSK-64 şkalası üzrə 8 bal gücündə olduğunu diqqətə çatdırıb. Qeyd edib ki, əlverişsiz mühəndis-geoloji və hidrogeoloji şərait Bakının bəzi hissələrində, xüsusilə də sahilyanı ərazilərdə seysmik təhlükənin səviyyəsini 9 bala qədər artırır: "Bakı şəhərində seysmik təhlükənin kifayət qədər yüksək olması və binaların çoxunun aşağı seysmik təhlükəyə uyğun dayanıqlı olduğunu nəzərə alaraq şəhərdə seysmik riskin böyük olduğunu söyləmək olar".

Sonra RSXM-in Tədris şöbəsinin müdiri Gülnarə Alxanova və elmi işçisi Afaq Ağazadənin "Zəlzələ zamanı davranış qaydaları"na dair məruzəsi dinlənilib. Məruzəni təqdim edən A.Ağazadə bildirib ki, zəlzələdən əvvəl təxliyyə planı və fövqəladə hal çantası hazırlanmalı, təhlükəsiz mövqe təyin edilməlidir. O, zəlzələ zamanı təlaşa düşməyin, eləcə də lift və pilləkənlərdən istifadə etməyin yolverilməz olduğunu söyləyib: "Zəlzələdən sonra isə insanlar psixoloji cəhətdən hazır vəziyyətdə olmalı, yaralanıb-yaralanmadığını yoxlamalı, KİV-dən məlumat almağa çalışmalı və telefon xətlərini məşğul etməməlidir".

Məruzələr iştirakçılar tərəfindən maraqla qarşılanıb, mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra aprel ayında keçirilmiş Rəhbər Heyətin MM məşqləri və MM qüvvələrinin xəbərdarlıq və toplanış məşqləri haqqında MM qərargah rəislərinin məlumatları dinlənilib.

Sonda bir sıra cari məsələlərə baxılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir. 

  • Paylaş: