Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

02.05.2018 12:31
  • A-
  • A
  • A+

Akademik Heydər Hüseynovun elmi fəaliyyəti Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verib

Akademik Heydər Hüseynovun elmi fəaliyyəti Azərbaycanda fəlsəfənin inkişafına güclü təkan verib

Bu gün AMEA-nın Fəlsəfə İnstitutunda Azərbaycanın görkəmli filosof alimi, SSRİ Dövlət mükafatı laureatı, akademik Heydər Hüseynovun 110 illiyinə həsr olunan “Heydər Hüseynov və Azərbaycan milli fəlsəfəsi” adlı elmi konfrans keçirilib.

Tədbiri giriş sözü ilə institutun direktoru, professor İlham Məmmədzadə açaraq Azərbaycan Elmlər Akademiyasının ilk akademiklərindən olan Heydər Hüseynovun ölkəmizdə ictimai və humanitar elmlərin, xüsusilə fəlsəfənin inkişafındakı müstəsna rolundan bəhs edib. Bildirib ki, milli mədəniyyətimizin böyük nümayəndələrinin fəlsəfi irsini sistemli araşdıran alim xalqımızın fəlsəfi fikir tarixinin başlıca təkamül mərhələlərini müəyyənləşdirib. O, Abbasqulu ağa Bakıxanov, Mirzə Kazım bəy, Mirzə Şəfi Vazeh, Mirzə Fətəli Axundov, Həsən bəy Zərdabi kimi mütəfəkkirlərin timsalında milli maarifçiliyin problemlərinin öyrənilməsinin əsasını qoyub.

Sonra AMEA İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova çıxış edərək görkəmli alimin tarix və fəlsəfə elminin inkişafına verdiyi böyük töhfələrdən danışıb. O, XX əsr fikir tariximizin mühüm simalarından olan filosofun zəngin fəaliyyəti ilə ictimai-siyasi fikrin öyrənilməsinə istiqamət verdiyini, bu sahədə yeni tədqiqatların vüsət almasına əlverişli zəmin yaratdığını deyib.

Akademik H.Hüseynovun 100 illik yubileyinin dövlət səviyyəsində qeyd olunduğunu xatırladan alim onun əsərlərinin əhəmiyyətindən bəhs edib.

Daha sonra çıxış edən Fransanın ölkəmizdəki səfirliyinin mədəniyyət üzrə müşaviri Yohan Şitterer Azərbaycanda fəlsəfə elminin inkişafından, bu elmə verilən qiymətdən söz açıb, dünyada tanınan və əsərlərindən bu gün də istifadə edilən azərbaycanlı filosofların olduğunu söyləyib.

Tədbirdə “Heydər Hüseynov və milli Azərbaycan fəlsəfəsinin inkişafı”, “Heydər Hüseynov Azərbaycan fəlsəfə tarixi elminin banisi kimi”, “Azərbaycan elminin və mədəniyyətinin dan ulduzu akademik Heydər Hüseynov” və digər mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

Sonda görkəmli filosofun nəvəsi, fəlsəfə üzrə fəlsəfə doktoru Heydər Aslanov babasının xatirəsinə göstərilən diqqət və qayğıya görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: