Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

01.05.2018 07:39
  • A-
  • A
  • A+

Şəkidə “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximiz” mövzusunda konfrans keçirilib

Şəkidə “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximiz” mövzusunda konfrans keçirilib

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (ŞREM) və Şəki Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illik yubileyinə həsr edilən “Azərbaycan Xalq Cümhuriyyəti şərəf və ləyaqət tariximiz” mövzusunda elmi-nəzəri konfrans keçirilib.

Konfransı Şəki Şəhər İcra Hakimiyyətinin İctimai, siyasi və humanitar məsələlər şöbəsinin müdiri Zərinə Cavadova açaraq AXC-nin yaranma tarixi, əhəmiyyəti və bu gün ona verilən dəyərdən, ölkə rəhbərliyi səviyyəsində keçirilən tədbirlərdən danışıb.

Sonra ŞREM-in direktoru, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlü çıxış edərək ölkə başçısının "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında" 16 may 2017-ci il tarixli Sərəncamını xatırladıb. Qeyd edib ki, 1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edilib və bundan sonra ölkənin ilk parlamenti formalaşdırılıb, sərhədlər müəyyənləşdirilib, dövlət bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib. Y.Şükürlü, həmçinin AXC dövründə ölkənin ərazi bütövlüyü və milli təhlükəsizliyinin təmin edildiyini, qısa müddətdə yüksək döyüş qabiliyyətli ordunun yaradıldığını, maarif və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildiyini, Azərbaycanın ilk universitetinin təsis olunduğunu bildirib.

Daha sonra konfransda ŞREM-in Tarixi irs və etnoqrafiya şöbəsinin müdiri Rahim  Həsənovun “Cümhuriyyətin yaradılmasında siyasi xadimlərin rolu”, həmin şöbənin baş elmi işçisi, professor Firədun İbrahimovun “Xalq Cümhuriyyəti dövründə Azərbaycanda təhsil”, həmin şöbənin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədlinin “Azərbaycan Xalq Cümhuriyyətinin tarixi siyasəti”, müəssisənin elmi işçisi Elşən Abdurahmanovun “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində Şəki qəzasında sosial-ictimai vəziyyət”, elmi işçi Elçin Vəliyevin “Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəniyyət” və Habil Xəlilovun “Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu” mövzusunda məruzələri dinlənilib. Məruzələrdə AXC-nin 23 aylıq mövcudluğu dövründə mədəni-maarif işinə yüksək qayğı göstərildiyi, XX əsrin əvvəllərində ölkənin ikinci sənaye şəhəri olan Şəkidə demokratik hərəkat uğrunda mübarizənin aparıldığı, o cümlədən Qafqaz İslam Ordusu tərəfindən Bakının düşməndən azad edildiyi qeyd olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: