Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  KONFRANSLAR, İCLASLAR

Azərbaycanlı filosof Pakistanda keçirilən beynəlxalq tədbirdə iştirak edib
30.04.2018 06:28
  • A-
  • A
  • A+

Azərbaycanlı filosof Pakistanda keçirilən beynəlxalq tədbirdə iştirak edib

Fəlsəfə İnstitutunun İslam fəlsəfəsi şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Könül Bünyadzadə Pakistan İslam Respublikasının Lahor şəhərində keçirilən “İqbal düşüncələrinin işığında bəşəriyyətə çağırışlar” adlı beynəlxalq konfransda iştirak edib.

İslam dünyasının aparıcı mütəfəkkirlərindən olan Məhəmməd İqbalın xatirəsinə həsr olunan tədbirdə K.Bünyadzadə “Məhəmməd İqbalın şəxsində Şərq ruhunun Qərb düşüncəsi ilə dialoqu” adlı məruzəsini təqdim edib. Azərbaycan və Pakistan mütəfəkkirlərinin görüşləri arasında oxşar məqamlardan söz açan məruzəçi Şərqdə ilk parlament respublikası olan Azərbaycanın təməlində duran və bu gün də dövlət bayrağında əksini tapan müasirlik, millilik və İslamçılıq prinsipləri ilə Pakistanın ideoloqu və yaranmasının təşəbbüskarlarından olan Məhəmməd İqbalın düşüncələri arasında paralellərdən danışıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Səfər çərçivəsində azərbaycanlı alim bir sıra əhəmiyyətli görüşlər də keçirib.

Pakistanın Baş Nazirinin Milli Tarix və Ədəbiyyat İrsi üzrə müşaviri cənab Irfan Siddiqui ilə görüşdə iki ölkə arasındakı əlaqələrdən danışılıb, bütün sahələrdə olduğu kimi, elm sahəsində də əməkdaşlığa önəm verildiyi vurğulanıb.

Daha sonra K.Bünyadzadə konfransın təşkilatçısı, İqbal Akademiyasının direktoru Muhammad Bakhsh Sangi ilə görüşüb. M.B.Sangi rəhbərlik etdiyi qurum ilə AMEA-nın Fəlsəfə İnstitutu arasında əməkdaşlığın qurulmasının zəruriliyini qeyd edib. O, Məhəmməd İqbalın əsərlərini və onların üzərində yazılmış tədqiqatları azərbaycanlı alimə təqdim edib.

K.Bünyadzadə isə öz növbəsində Azərbaycanda Məhəmməd İqbalın kifayət qədər yaxşı tanındığını, böyük mütəfəkkir haqqında dəyərli araşdırmaların aparıldığını və onun “İslamda dini düşüncənin yenidən qurulması” mühazirələrinin tərcümə olunub nəşriyyata təqdim edildiyini bildirib.

Sonda K.Bünyadzadə Məhəmməd İqbalın ailə üzvləri – gəlini hüquqşünas Nasira Javed İqbal və nəvəsi Munib İqballa görüşüb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: