Azərbaycan Milli Elmlər Akademiyası

Azərbaycanın ilk veb saytı (1995)

ANA SƏHİFƏ  >>  XƏBƏRLƏR  >>  YUBİLEYLƏR

Akademik Urxan Ələkbərovun 75 yaşı tamam olur
27.04.2018 07:40
  • A-
  • A
  • A+

Akademik Urxan Ələkbərovun 75 yaşı tamam olur

Aprelin 28-də görkəmli bioloq alim, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, "Şöhrət" və "Şərəf nişanı" ordenləri laureatı, akademik Urxan Ələkbərovun 75 yaşı tamam olur.

Urxan Ələkbərov 1943-cü il aprelin 28-də Bakı şəhərində anadan olub. 1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Biologiya fakültəsini bitirib, həmin il SSRİ Elmlər Akademiyasının Ümumi Genetika İnstitutunun aspiranturasına daxil olub.

O, 1968-ci ildə elmlər namizədi, 1978-ci ildə isə elmlər doktoru alimlik dərəcələrini alıb.1983-cü ildə AMEA-nın müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilib.

Əmək fəaliyyətinə 1965-ci ildə AMEA-da başlayan alim 1968-78-ci illərdə AMEA-nın Botanika İnstitutunda kiçik elmi işçi, elmi katib, elmi işlər üzrə direktor müavini, direktor vəzifələrində çalışıb, 1987-1996-cı illərdə AMEA-nın vitse-prezidenti olub. O, 1988-2002-ci illərdə AMEA Genetika və Seleksiya İnstitutunun direktoru olub.

U.Ələkbərov ölkə başçısının 27 dekabr 2011-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına rektor təyin edilib.

Alim biomüxtəlifliyin mühafizəsi və genetik sistemlərin davamlılığının artırılması, antimutagen, antikartsinogen və geroprotektiv vasitələrinin aşkar olunması və istifadəsi sahəsində yeni elmi konsepsiyalar hazırlayıb. O, genofondun mühafizəsi, davamlı və biliyə əsaslanan inkişaf, ekoloji sivilizasiyanın planlaşdırılması, idarə edilməsi və qiymətləndirilməsi istiqamətində konsepsiyaların müəllifidir.

Akademik U.Ələkbərov 300-dən artıq elmi əsərin, o cümlədən 30-dan çox kitab və dərsliyin müəllifidir. Yüksəkixtisaslı kadrların hazırlanmasında alimin böyük xidmətləri var. Onun rəhbərliyi ilə 25 fəlsəfə və 4 elmlər doktoru hazırlanıb.

Elm və inkişafın planlaşdırılması və idarə edilməsi sahəsində dünyada tanınmış ekspert olan U.Ələkbərov bir çox beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, o cümlədən BMT və YUNESKO-nun koordinatoru və müşaviri kimi də çalışır. Alim davamlı inkişaf və ekoloji sivilizasiya naminə ətraf mühitin vahid sistem kimi idarəedilməsinə dair ABŞ, Almaniya, Türkiyə, İsveçrə, Rusiya və Gürcüstanın universitetlərində mühazirələr oxuyur, seminarlar keçirir.

Akademik 1994-2003-cü illərdə AR rəhbərliyinin qərarına əsasən, BMT-nin layihəsi olan "Azərbaycan Respublikasında insan inkişafı haqqında" illik hesabatların hazırlanmasına rəhbərlik edib.

Ölkə Prezidentinin 26 aprel 2013-cü il tarixli Sərəncamı ilə o, Azərbaycan Respublikasında elmin və təhsilin inkişafındakı xidmətlərinə görə  “Şöhrət” ordeni ilə təltif olunub.

Görkəmli alimi 75 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı və fəaliyyətində uğurlar arzu edirik!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.

  • Paylaş: